Məhkəmə qərarları › İş №e-2(071)-702/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-702/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-702/2024 09.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 893,87 manat əsas və AR Konistitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,12 manat faiz olmaqla, cəmi 959,99 manat məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900470 nömrəli müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 1% ödənilmək şərtilə 1.212,96 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 Ağalı qızı ilə xx.xx.2019-cu il tarixli, LM101900470 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 Ağalı qızı borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri üzrə 893,87 manat əsas və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,12 manat faiz olmaqla, cəmi 959,99 (doqquz yüz əlli doqquz manat, 99 qəpik) manat borcu mövcuddur. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəfimizdən fiziki şəxsə onun ərizəsinə əsasən yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilər hazırlanmışdır və həmin müqavilə cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900470 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 36 ay müddətinə illik 1% dərəcəsi ilə 1212,96 manat məbləğində kredit vermişdir. Müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditin müddəti ərzində kreditin qaytarılmasının gecikdirilməsinə görə kreditin illik faiz dərəcəsindən əlavə olaraq dəbbə pulu hesablanır və Müştəri tərəfindən Banka ödənilir. Müqavilənin 4.3.5-ci bəndinə əsasən borcalan müqavilə üzrə krediti və ona hesablanmış faizi vaxtında ödəmədikdə, kreditor krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 Ağalı qızı arasında xx.xx.2019-cu il tarixli, LM101900470 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, İddiaçı ASC ilə Cavabdeh1 (borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli, LM101900470 nömrəli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, LM101900470 saylı kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 893,87 manat əsas və AR Konistitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,12 manat faiz olmaqla, cəmi 959,99 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlərdən X1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə 36 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 1212,96 manat kredit vermişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək cavabdehə verdiyi kreditin, kreditə hesablanmış faizlərin və cərimənin ödənilməmiş qalan hissəsini ondan tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər Cavabdeh2 Ağalı qızına qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh İbrahim Zərbaliyev onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən iddia tələbində göstərilən pul məbləği cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, LM101900470 saylı kredit müqaviləsi üzrə yaranmış 893,87 manat əsas və AR Konistitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 66,12 manat faiz olmaqla, cəmi 959,99 manat (doqquz yüz əlli doqquz manat doxsan doqquz qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar