Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-71/2023 25.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4400 manat əsas, 9388.08 manat faiz, 3295,70 manat cərimə, 2332,03 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 19415,81 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 148 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2011-ci il tarixli, 160 saylı kredit müqaviləsinə əsasən cavabdehə 5 ay müddətinə illik faiz dərəcəsi 28 faiz ödənilmək şərtilə 4500 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilə hər iki tərəf onu imzaladığı andan qüvvəyə minir və “Bank” qarşısında bu müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən kreditin və ona hesablanmış faizlərin tam ödənilməsinə qədər qüvvədə olur. Müqavilənin 3.1.-ci maddəsinə əsasən “Borc alan” bu müqavilə əsasında krediti, kreditin qüvvədə olduğu bütün müddət üçün hər ay bərabər miqdarda olmaqla ödəməlidir. Müqavilənin 3.3-cü maddəsinə əsasən kreditin və ona hesablanmış faizlərin ödənilməsi “Borc alan” tərəfindən nəğd şəkildə hər ay Banka ödənilməlidir. Lakin, buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun hesablanmış banka ödənilməmiş pul borcu 4400 manat əsas borc, 9388.08 manat faiz borcu, 3295.70 manat cərimə, 2332.03 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 19415.81 manat təşkil edir Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdeh kredit borcundan 2012-ci ildə 1 dəfə - 100 manat ödəniş etmiş, ondan sonrakı dövrdə heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək və izahat verərək göstərdi ki, o, kredit müqaviləsini imzalasa da, bankdan pul götürməmişdir və indiyə kimi heç bir ödəniş etməmişdir. Bununla belə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Çünki, uzun müddət keçdikdən sonra iddiaçı kredit müqaviləsi üzrə pulunu tələb edir və bununla da iddia müddətini ötürmüşdür. Odur ki, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan) arasında 18 avqust 2011-ci il tarixli 160 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 5 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən kreditin və hesablanmış faizlərin ödənilməsi borcalan tərəfindən nağd şəkildə hər ay banka ödənilməlidir. İş materiallarında olan 15 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2011-ci il tarixli kredit müqavilə üzrə borcalanın 07 iyul 2022-ci il tarixə 4400 manat əsas borcu, 9388.08 manat faiz borcu, 3295,70 manat cərimə borcu, 2332,03 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 19415,81 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun, faiz borcunun və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz və cərimə məbləğlərinin ödənilməsini tələb etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilən cavabdehin məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış 18 avqust 2011-ci il tarixli kredit müqaviləsinin müddəti 15 yanvar 2012-ci il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da 15 yanvar 2012-ci il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi 10 oktyabr 2022 il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının 15 yanvar 2012-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Bundan əlavə qeyd edilməlidir ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(106)-3133/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərardadından görünür ki, bundan əvvəl də ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 18 avqust 2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borcun, faiz borcunun və cərimə məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-3133/2018 saylı, 13 dekabr 2018-ci il tarixli qərardadına əsasən Hacıqabul rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən verilməsi olmuşdur. Əvvəla məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən 2018-ci ildə iddiaçı kredit müqaviləsi üzrə cavabdehə qarşı tələb irəli sürərkən də artıq iddia müddəti keçmişdir. Bu səbəbdən 2018-ci ildə irəli sürülmüş iddia başa çatmış iddia müddətinin axımını kəsə bilməz. Digər tərəfdən isə qeyd edilməlidir ki, həmin dövrdə iddia müddəti ötürülməsəydi belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Odur ki, iddiaçının 2018-ci ildə mövcud tələblə məhkəməyə müraciət etmiş olması, hazırki halda cavabdehin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsinə maneçilik yaratmır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 148 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehna qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 148 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(071)-71/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-71/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver