Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-85/2025 05.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 5000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 70 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu ildə Masallı rayonunda anadan olmuşdur. Cavabdeh onun ferma təsərrüfatında çoban işləmişdir. Münasibətləri normal olmuş, ondan bir neçə dəfə borca pul almışdır. Aldığı pullarıda vaxtında qaytarmışdır. Sonuncu dəfə cavabdeh iddiaçıdan hissə-hissə olmaqla 5000 manat borca pul almışdır. İddiaçı düşünmüşdür ki, cavabdeh yanında işlədiyi üçün aylıq maaşından borcunu çıxacaqdır. 2023-cü ilin sentyabr ayında cavabdeh işdən çıxmışdır. Borcunu isə 2024-cü ilin avqust ayının axırına kimi ödəyəcəyinə söz vermişdir. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Bu barədə ona şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq onun barəsində Hacıqabul rayon polis şöbəsinə şikayət etmişdir. Şikayəti təhqiqat bölməsində araşdırılmış, cavabdeh polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. O, izahatında iddiaçıya 4643 manat borclu olduğunu etiraf etmişdir. Lakin yerdə qalan pulu etiraf etməmişdir. Mübahisə mülki xarakterli olduğundan ona məhkəməyə şikayət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdehin ona 5000 manat borcu vardır. Hacıqabul RPŞ-də cavabdeh ifadə vermiş və verdiyi ifadədə ona olan borcunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “cinayət işinə başlanılmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, İddiaçı Hacıqabul RPŞ-yə müraciəti əsasında material üzrə cinayət işinə başlanılması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli məktubla İddiaçı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki iş üzrə Cavabdeh Hacıqabul RPŞ-yə verdiyi izahatda qeyd olunmuşdur ki, İddiaçı onun barəsində yazdığı ərizə ilə tanış olmuşdur. Belə ki, 2019-cu ilin əvvəlində o, ailəsi ilə birlikdə Yardımlı rayonu Eçara kəndi ərazisində Niyaməddinin təsərrüfatında çoban kimi işləmişdir. Hər ay Niyaməddin ona 1000 manat aylıq pul vermişdir. İşlədiyi müddətdə o, ailəsi ilə orada yaşamışdır və həmin müddətdə Niyaməddindən əlavə problemlərinə görə borca pul almışdır. Təxminən yadındadır ki, oğlunun hərbi işi ilə bağlı 1000 manat, qızının nişanına görə 500 manat, telefon aldığına görə 600 manat və bir qədər də təxmini bəzi problemlərə görə Niyaməddindən borca pul almışdır. O, 2023-cü ilin sentyabr ayında Niyaməddinin yanından işdən çıxmış, işdən çıxan vaxt sentyabr ayının maaşını vermiş və hesablaşdıqda onun Niyaməddinə 4643 manat borcu olmuşdur. Bu barədə, yəni borcu olması barədə Niyaməddinlə aralarında dəftərdə qeydiyyat aparmışlar və o da borcu olmasını təsdiq etməklə imza etmişdir. O, Niyaməddinə olan borcunu qaytarmaq üçün 1 il Niyaməddindən vaxt istəmişdir. Lakin, işi alınmadığı üçün dolanışığına qazancını çatdıra bilmədiyi üçün Niyaməddinə olan borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında mülkin işin hallarından məlum olmuşdur ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 433.3. öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, ümumilikdə 5000 manat məbləğində cavabdehə borc pul verdiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Lakin, buna baxmayaraq cavabdeh Hacıqabul RPŞ-yə verdiyi izahatında iddiaçıdan - İddiaçı borca pul aldığını və hazırda iddiaçıya 4643 manat məbləğində borcunun olmasını etiraf etdiyi üçün məhkəmə həmin ifadə əsasında iddianı sübut edilmiş hesab etmişdir. Mülki Prosesual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə cavabdehin Hacıqabul RPŞ-yə verdiyi izahatında iddiaçıya 4643 manat borclu olmasını bildirməsini, iddianın qismən etirafı hesab edir və həmin hissənin işin mübahisəsiz halı kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı, cavabdehin Hacıqabul Rayon Polis Şöbəsinə verdiyi izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı borc pul almışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu 4643 manat təşkil edir. Odur ki, iddia qismən təmin edilməli, 4643 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə e dərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4643 (dörd min altı yüz qırx üç) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65 (altmış beş) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-85/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-85/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver