Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-892/2023 09.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 5418,38 manat əsas borc və 34,14 manat faiz borcu olmaqla, cəmi 5452,52 manat borcun və ödənilmiş 74,53 manat dövlət rüsumunun və 0,40 manat (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Şirvan” filialı ilə X4 arasında bağlanmış xx.xx.2019-cı il tarixli, BPM **********07 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 43 ay müddətinə, illik 18 faiz dərəcəsi ilə hesablanmaqla, 13000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 45 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 88 nömrəli məktubu və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh mərhumdan qalan miras əmlakı (7253.68 manat pul məbləği) qəbul etmişdir. Bankın “Şirvan” filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışana əsasən, X3 vəfat etdiyi tarixə Banka ödənilməmiş 5418,38 manat əsas və 34.14 manat faiz olmaqla, cəmi 5452,52 manat kredit borcu qalmışdır. Cavabdeh mərhum X3 "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmiş, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xidməti zərurətlə bağlı hazırda Zaqatala şəhərində ezam olunduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderlərindən görünür ki, "xxxx" ASC (bank) ilə X4 (borcalan) arasında xx.xx.2019-cı il tarixli, BPM **********07 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank borcalana 43 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 13000 manat kredit vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cı il tarixli kredit müqaviləsi üzrə əsas borcu – 5418,38 manat, faiz borcu 34,14 manat olmaqla, 5452,52 manat təşkil edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-cı il tarixdə “dəqiqləşdirilməmiş kəskin miokard infarktı” xəstəliyi səbəbindən ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən verilmiş 88 nömrəli xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işi açılmış, Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh miras əmlakdan bütov hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Socar “Azneft” İB 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ƏM-09/348 qeydiyyat nömrəsi ilə qeyd edilmiş 7253,68 manat pul məbləğindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 vərəsəsi Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə mərhum X4 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 13000 manat kredit verilmişdir. Lakin, İlham Kərimovun həmin müqavilə üzrə bankın qarşısında 5418,38 manat əsas borc və 34,14 manat faiz borcu olmaqla, cəmi 5452,52 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. İlham Kərimov xx.xx.2022-cı il tarixdə ölmüşdür. İlham Kərimov öldükdən sonra onun arvadı – hazırki iş üzrə Cavabdeh miras qoyanın yeganə vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum əri X3 ölümündən sonra ondan qalmış miras əmlakı - Socar “Azneft” İB 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ƏM-09/348 qeydiyyat nömrəsi ilə qeyd edilmiş 7253,68 manat pulu miras qoyanın qanun üzrə vərəsə kimi qəbul etdiyindən, qəbul edilmiş miras əmlak isə 7253,68 manat məbləğində pul vəsaitindən ibarət olmaqla, hazırki iş üzrə tələb edilən məbləğdən (5452,52 manat) artıq olduğundan, iddiaçı mərhum İlham Kərimovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Odur ki, kredit müqaviləsi üzrə yaranmış 5418,38 manat əsas borc və 34,14 manat faiz borcu olmaqla, cəmi 5452,52 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5418,38 manat əsas borc və 34,14 manat faiz borcu olmaqla, cəmi 5452,52 manat (beş min dörd yüz əlli iki manat, əlli iki qəpik) pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 74,93 manat (yetmiş dörd manat doxsan üç qəpik) pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №e-2(071)-892/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-892/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver