Məhkəmə qərarları › İş №e-2(071)-924/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-924/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-924/2023 10.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 6572,89 manat əsas borc, 365,91 manat faiz borcu və 1874,74 manat cərimə borcu olmaqla, cəmi 8813,54 manat borcun və ödənilmiş 108,14 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-in “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 20,5% faiz olmaqla 36 ay müddətinə 9300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh1 Banka 6572,89 manat əsas borc, 365,91 manat faiz borcu və 1874,74 manat cərimə borcu olmaqla, cəmi 8813,54 manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə №1) uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 20,5% olmaqla cərimə faizi ödəyir. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.6-ci bəndinə əsasən Zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə Bankla Borcalan arasında bağlanmış xx.xx.2022ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürülür. Sonradan iddiaçının nümayəndəsi iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə banka olan 5476,80 manat əsas borc və 1874,74 manat cərimə borcu olmaqla, cəmi 7351,54 manat borcun və ödənilmiş 108,14 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, bankdan krediti maddi ehtiyaclarına görə almış və müəyyən müddət vaxtı-vaxtında ödənişlərini etmişdir. Sonradan işləri maddi vəziyyəti pisləşdiyindən ödənişləri edə bilməmişdir. Borcunu ödəməkdən boyun qaçırmır. Bank tərəfindən hesablanmış cərimə məbləği həddindən artıq çoxdur. Odur ki, qərar qəbul edilərkən cərimənin azaldılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana illik 20,5 faiz dərəcəsi ilə 36 ay müddətinə, 9300 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş kredit məbləğindən istifadə etməyi və kredit müqaviləsi üzrə aldığı kredit məbləğini, habelə kredit məbləğindən istifadəyə görə illik faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan illik 20,5 % olmaqla cərimə faizi ödəyir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (zamin) arasında xx.xx.2022-ci il tarixli İK № 152/F-22 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5476,80 manat əsas borcu və 1874,74 manat cərimə borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 1874,74 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh2 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 5476,80 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 5576,80 manat (beş min beş yüz yetmiş altı manat, səksən qəpik) pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 108,14 manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli İK № 152/F-22 saylı kredit müqaviləsi üzrə yaranmış 5476,80 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 5576,80 manat (beş min beş yüz yetmiş altı manat, səksən qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 108,14 manat (yüz səkkiz manat on dörd qəpik) pul birgə qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar