Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-982/2023 02.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3982,11 manat əsas borc, 351,12 manat faiz borcu və 231,41 manat cərimə olmaqla, cəmi 4564,64 manat pulun və 65,65 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 009A********** saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 2 % olmaqla, 36 ay müddətinə 4800 manat məbləğində kredit verilmişdir. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 817,89 manat ödəniş etmiş və оnun iddiaçıya 3982,11 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 142 gün üçün hesablanmış faiz borcu 351.12 manat təşkil edir. Kredit müqaviləsinin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 142 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 231.41 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" QSC (Bank) ilə Cavabdeh (borcalan) arasında xx.xx.2022-ci il tarixli, 009A********** saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank borcalana illik 24 2 % dərəcəsi ilə 36 ay müddətinə, 4800 manat məbləğində kredit vermişdir. Borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə borcalan Cavabdeh xx.xx.2023-cü il tarixə 3982,11 manat əsas borcu, 351,12 manat faiz borcu və 231,41 manat cərimə borcu olmaqla, cəmi 4564,64 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faizin ödənilməsini ondan tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 231,41 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə tam, məhkəmənin təşəbbüsü ilə cərimə azaldılmaqla cərimə məbləğinə münasibətdə isə qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tam şəkildə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə yaranmış 3982,11 manat əsas borc, 351,12 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 4383,23 manat (dörd min üç yüz səksən üç manat iyirmi üç qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,65 manat (altmış beş manat altmış beş qəpik) pul alınaraq "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №e-2(071)-982/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-982/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver