Məhkəmə qərarları › İş №e-2(072)-125/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-125/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-125/2025 31.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********87 saylı, 30 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən “borcalan” X5 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin “borcalan” X5 02 yanvar 2024-cü ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən məlumata əsasən “borcalan” X3 miras əmlakına dair Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclu X3 hüquq varisidirlər. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Halhazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2024-cü il tarixə banka 389.88 (üç yüz səksən doqquz, səksən səkkiz) AZN məbləğində əsas kredit borcu, 159.11 (yüz əlli doqquz, on bir) AZN məbləğində faiz borcu və ümumilikdə 548.99 (beş yüz qırx səkkiz, doxsan doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 389.88 (üç yüz səksən doqquz, səksən səkkiz) AZN məbləğində əsas kredit borcunun, 159.11 (yüz əlli doqquz, on bir) AZN məbləğində faiz borcunun, ümumilikdə 548.99 (beş yüz qırx səkkiz, doxsan doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz, qırx) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********87 saylı, 30 dekabr 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən X4 illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 500 (beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan BPM**********87 saylı, 30 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əlavənin, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “borcalan” X5 500 (beş yüz) AZN məbləğində kredit borcunu illik 24 (iyirmi dörd) % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X5 arasında bağlanmış BPM**********87 saylı, 30 dekabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən “borcalan” X1 hesabına 500 (beş yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan AZ-İİ 385391 №-li, 15 yanvar 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 yanvar 2024-cü ildə ölmüş, bu barədə akt qeydləri kitabında 15 yanvar 2024-cü il tarixdə 68 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1459 saylı, 18 avqust 2024-cü il tarixli məlumatın surətindən görünür ki, “borcalan” X5 02 yanvar 2024-cü ildə ölmüş, 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində V- 127/2024 saylı vərəsəlik işi açılmış, “miras qoyan” X3 miras əmlakına dair oğlanları Cavabdeh1 və Cavabdeh2 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. (miras əmlak: ümumilikdə 2478.57 AZN məbləğində pul vəsaiti və miras əmlakından ½ hissədə pay almaq hüququ...) İş materiallarında olan 24/1317 saylı, 02 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 02 dekabr 2024-cü il tarixə banka 389.88 (üç yüz səksən doqquz, səksən səkkiz) AZN məbləğində əsas kredit borcu, 159.11 (yüz əlli doqquz, on bir) AZN məbləğində faiz borcu və ümumilikdə 548.99 (beş yüz qırx səkkiz, doxsan doqquz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 6-2-22/2-42043/2024 saylı, 16 noyabr 2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrıayrılıqda iddiaçı "xxxx" ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. İş materiallarında olan ********* saylı, 17 may 2022-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “mirası qəbul etmiş vərəsənin ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin (hazırkı halda cavabdehin) üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum X2 qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyənedilmir. Bu baxımdan da “borcalan” (miras qoyan) X3 borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehlər (vərəsə) Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə “borcalan” X5 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada (“miras qoyan” X3 miras əmlakından miras payı həcmində, yəni 1/2 pay həcmində müştərək qaydada) 389.88 (üç yüz səksən doqquz, səksən səkkiz) AZN məbləğində əsas kredit borcu, 159.11 (yüz əlli doqquz, on bir) AZN məbləğində faiz borcu, ümumilikdə 548.99 (beş yüz qırx səkkiz, doxsan doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada (“miras qoyan” X3 miras əmlakından miras payı həcmində, yəni 1/2 pay həcmində müştərək qaydada) 389.88 (üç yüz səksən doqquz, səksən səkkiz) AZN məbləğində əsas kredit borcu, 159.11 (yüz əlli doqquz, on bir) AZN məbləğində faiz borcu, ümumilikdə 548.99 (beş yüz qırx səkkiz, doxsan doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar