Məhkəmə qərarları › İş №e-2(072)-133/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-133/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-133/2025 31.01.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış SUNPU-08338 saylı, 04 mart 2024-cü il tarixli razılaşmaya əsasən bank tərəfindən cavabdehə istehlak məqsədilə illik 22.50 (iyirmi iki, əlli) % dərəcəsi tətbiq edilməklə, 25 (iyirmi beş) ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir (kredit xətti açılmışdır). Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 06 dekabr 2024-cü il tarixə banka 3043.60 (üç min qırx üç, altmış) AZN məbləğində əsas kredit borcu, 288.72 (iki yüz səksən səkkiz, yetmiş iki) AZN məbləğində faiz borcu və ümumilikdə 3332.32 (üç min üç yüz otuz iki, otuz iki) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 3043.60 (üç min qırx üç, altmış) AZN məbləğində əsas kredit borcunun, 288.72 (iki yüz səksən səkkiz, yetmiş iki) AZN məbləğində faiz borcunun, ümumilikdə 3332.32 (üç min üç yüz otuz iki, otuz iki) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 54 (əlli dörd) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış SUNPU-08338 saylı, 04 mart 2024-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 22.50 (iyirmi iki, əlli) % dərəcəsi tətbiq edilməklə, 25 (iyirmi beş) ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 04 mart 2024-cü il tarixli sərəncam-orderin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış SUNPU-08338 saylı, 04 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh nağd pul şəklində 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan SUNPU-08338 saylı, 04 mart 2024-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 3500 (üç min beş yüz) AZN məbləğində kredit borcunu illik 22.50 (iyirmi iki, əlli) % dərəcəsi tətbiq edilməklə, 25 (iyirmi beş) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan RB-02/PK-6210 saylı, 06 dekabr 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 06 dekabr 2024-cü il tarixə banka 3043.60 (üç min qırx üç, altmış) AZN məbləğində əsas kredit borcu, 288.72 (iki yüz səksən səkkiz, yetmiş iki) AZN məbləğində faiz borcu və ümumilikdə 3332.32 (üç min üç yüz otuz iki, otuz iki) AZN məbləğində kredit borcu mövcudur. İş materiallarında olan RB-02/PK-6185 saylı, 06 dekabr 2024-cü il tarixli bildirişlərin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 12 dekabr 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 54 (əlli dörd) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 3043.60 (üç min qırx üç, altmış) AZN məbləğində əsas kredit borcu, 288.72 (iki yüz səksən səkkiz, yetmiş iki) AZN məbləğində faiz borcu, ümumilikdə 3332.32 (üç min üç yüz otuz iki, otuz iki) AZN məbləğində kredit borcu və 53.32 (əlli üç, otuz iki) AZN məbləğində dövlət rüsumu (iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində = 53.32 manat ödənilməli olan dövlət rüsumu nəzərə alınmaqla, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3043.60 (üç min qırx üç, altmış) AZN məbləğində əsas kredit borcu, 288.72 (iki yüz səksən səkkiz, yetmiş iki) AZN məbləğində faiz borcu, ümumilikdə 3332.32 (üç min üç yüz otuz iki, otuz iki) AZN məbləğində kredit borcu və 53.32 (əlli üç, otuz iki) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar