Məhkəmə qərarları › İş №e-2(072)-138/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-138/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-138/2024 15.03.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 26 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 25 aprel 2007ci ildə “Mehdi” və 07 sentyabr 2008-ci ildə “Ayşən” adlı 2 (iki) uşaqları anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 25 aprel 2007-ci ildə anadan olmuş X3 və 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 özünün yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından ümumilikdə 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində Cavabdeh ödədiyi 100 (yüz) AZN sabit pul məbləğində aliment hesabına yetkinlik yaşına çatmayan uşaqları Mehdinin və Ayşənin tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır, onları saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Bu səbəbdən də, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, rəsmi nikahlarından 25 aprel 2007-ci ildə anadan olmuş X3 və 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 26 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və rəsmi nikahlarından 2 (iki) uşaqları-25 aprel 2007-ci ildə “Mehdi” və 07 sentyabr 2008-ci ildə “Ayşən” anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 25 aprel 2007-ci ildə anadan olmuş X3, 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından ümumilikdə 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. O, İİ qrup əlildir və əlilliyə görə 348.17 (üç yüz qırx səkkiz, on yeddi) AZN məbləğində pensiya alır. Bundan başqa o, hal-hazırda “X14” MMC-də “sosial işçi” vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) AZN məbləği təşkil edir. Onu da qeyd edir ki, o, ikinci dəfə 28 oktyabr 2014-cü il tarixdə “Tünzalə” adlı qadın ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş, rəsmi nikahlarından 02 avqust 2015-ci ildə “Röyal” adlı və 28 dekabr 2016-cı ildə “Şəbnəm” adlı 2 (iki) uşaqları anadan olmuşdur. Eyni zamanda, bildirir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, maddi imkanı daxilində hər zaman uşaqları Mehdiyə və Ayşənə maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş və onların ehtiyaclarını qarşılamışdır. Ümumiyyətlə, o, bir valideyn kimi uşaqları Mehdina və Ayşəna baxmaqdan, o cümlədən onların saxlanması üçün aliment ödəməkdən imtina etmir. Hər zaman uşaqlarına baxmağa və onların maddi, mənəvi ehtiyaclarını qarşılamağa hazırdır. Hesab edir ki, İddiaçı iddia etdiyi aliment məbləği də yüksək həddədir. Belə ki, onun yetkinlik yaşına çatmayan uşaqları X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatmır. Lakin uşaqları X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancından ümumilikdə 140 (yüz qırx) AZN sabit pul məbləğində alimenti İddiaçı xeyrinə ödəməyə maddi cəhətdən imkanı çatır. Bu səbəbdən də, o, İddiaçı ona qarşı irəli sürdüyü “aliment məbləğinin artırılması” tələbini qismən qəbul edir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddianın qismən təmin edilərək, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmaqla, rəsmi nikahlarından 25 aprel 2007-ci ildə anadan olmuş X3 və 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından hər bir uşağa görə 70 (yetmiş) AZN sabit pul məbləğində, ümumilikdə 140 (yüz qırx) AZN sabit pul məbləğində tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı nümayəndəsi (vəkil) Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İ 916437 №-li, 22 may 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 25 aprel 2007-ci ildə “X7” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan AZ-İİ 150278 №-li, 27 sentyabr 2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 07 sentyabr 2008-ci ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 25 aprel 2007-ci ildə anadan olmuş X3, 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından 04 iyul 2023-cü il tarixdən başlayaraq hər ay hər bir uşağa görə 50 (əlli) AZN sabit pul məbləğində, ümumilikdə 100 (yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 182980 №-li, 11 fevral 2014-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 11 fevral 2014-cü il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 06 № ilə qeyd edilmiş və nikah pozulduqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İ 969079 №-li, 28 oktyabr 2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 28 oktyabr 2014-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 312 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 587453 №-li, 13 avqust 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 rəsmi nikahından 02 avqust 2015-ci ildə “X8” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİİ 888535 №-li, 25 yanvar 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 rəsmi nikahından 28 dekabr 2016-cı ildə “X6” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl Rayon Şöbəsinin 119001 №-li vəsiqəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh İİ qrup ümumi xəstəlikdən əlildir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh İİ qrup əlildir, pensiya məbləği 348.17 (üç yüz qırx səkkiz, on yeddi) AZN məbləği təşkil edir və “X14” MMC-də ictimai işlər üzrə “sosial işçi” vəzifəsində işləyir, onun aylıq əmək haqqısı 345 (üç yüz qırx beş) AZN məbləği təşkil edir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Şərqi Zəngəzur” Regional Mədəniyyət İdarəsində səyahət üzrə “təşkilatçı” vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 458 (dörd yüz əlli səkkiz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X3 və X2 fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanmasında kifayət etməməsini, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşaqların maddi vəziyyətinə müsbət təsirini, eləcə də aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və onun razılığını, iddiaçının (ana) uşaqların gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 280 (iki yüz səksən) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin rəsmi nikahından 25 aprel 2007-ci ildə anadan olmuş X3 və 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 140 (yüz qırx) AZN sabit pul məbləğində, ümumilikdə 280 (iki yüz səksən) AZN sabit pul məbləğində tutularaq, İddiaçı xeyrinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-373/2013 saylı, 15 avqust 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 (yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 280 (iki yüz səksən) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 25 aprel 2007-ci ildə anadan olmuş X3 və 07 sentyabr 2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 140 (yüz qırx) AZN sabit pul məbləğində, ümumilikdə 280 (iki yüz səksən) AZN sabit pul məbləğində tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar