Məhkəmə qərarları › İş №e-2(072)-210/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-210/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-210/2024 23.04.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Xırdalan” filialı ilə “borcalan” Abbasov Zahir Camal oğlu arasında bağlanmış 44130***-*******02L saylı, 13 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank “borcalan”a 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) AZN-dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. İddiaçı ASC tərəfindən “borcalan” Abbasov Zahir Camal oğlunun cari hesabına 13 iyul 2022-ci il tarixdə illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə ay müddətinə ödəmək şərtilə 2000 (iki min) AZN məbləğində kredit köçürülmüşdür. “Borcalan” həmin əsas kredit limiti müqaviləsi çərçivəsində bankdan 13 iyul 2023-cü il tarixədək illik 15% ödəmək şərtilə 2000 (iki min) AZN məbləğində krediti və ondan istifadəyə görə müəyyən olunmuş faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “borcalan” Abbasov Zahir Camal oğlu 19 oktyabr 2022-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilən məlumata əsasən “borcalan” Abbasov Zahir Camal oğlunun miras əmlakına dair Cəbrayıl rayonu, Məzrə kəndində qeydiyyatda olan Cavabdeh miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, Cavabdeh borclu Abbasov Zahir Camal oğlunun hüquq varisidir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 29 yanvar 2024-cü il tarixə banka 1527.65 (min beş yüz iyirmi yeddi, altmış beş) AZN məbləğində əsas kredit borcu, 415.14 (dörd yüz on beş, on dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 1942.79 (min doqquz yüz qırx iki, yetmiş doqquz) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 1527.65 (min beş yüz iyirmi yeddi, altmış beş) AZN məbləğində əsas kredit borcunun, 415.14 (dörd yüz on beş, on dörd) AZN məbləğində faiz borcunun, ümumilikdə 1942.79 (min doqquz yüz qırx iki, yetmiş doqquz) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 39.43 (otuz doqquz, qırx üç) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Xırdalan” filialı ilə “borcalan” Abbasov Zahir Camal oğlu arasında bağlanmış 44130***-*******02L saylı, 13 iyul 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən “borcalan” Abbasov Zahir Camal oğluna istehlak məqsədilə 60 (altmış) ay müddətinə kredit ayrılmış, kreditin ilkin limiti 50000 (əlli min) AZN məbləğində təyin edilmiş, bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İş materillarında olan “kreditin cari hesaba köçürülməsi haqqında” sistemdən çıxarışın surətindən görünür ki, İddiaçı ASC tərəfindən “borcalan” Abbasov Zahir Camal oğlunun cari hesabına 13 iyul 2022-ci il tarixdə illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə ay müddətinə ödəmək şərtilə 2000 (iki min) AZN məbləğində kredit köçürülmüşdür. İş materillarında olan 44130***-*******02L saylı, 13 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, “borcalan” Abbasov Zahir Camal oğlu 2000 (iki min) AZN məbləğində kredit borcunu illik 15 (on beş) % dərəcəsi tətbiq edilməklə, 12 (on iki) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş AZ-İİ 302396 №-li, 14 noyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abbasov Zahir Camal oğlu 19 oktyabr 2022-ci ildə ölmüş, bu barədə akt qeydləri kitabında 14 noyabr 2022-ci il tarixdə 855 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1660 saylı, 24 iyul 2023-cü il tarixli məlumatın surətindən görünür ki, “borcalan” Abbasov Zahir Camal oğlu 19 oktyabr 2022-ci ildə ölmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində V-583/2022 saylı vərəsəlik işi açılmış, “miras qoyan” Abbasov Zahir Camal oğlunun miras əmlakına dair həyat yoldaşı (tam fəaliyyət qabiliyyətli şəxs) Cavabdeh, uşaqları Abbasov Camal Zahir oğluna, X1 və X2 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, “borcalan” Abbasov Zahir Camal oğlunun kredit müqaviləsinə əsasən 29 yanvar 2024-cü il tarixə banka 1527.65 (min beş yüz iyirmi yeddi, altmış beş) AZN məbləğində əsas kredit borcu, 415.14 (dörd yüz on beş, on dörd) AZN məbləğində faiz borcu və ümumilikdə 1942.79 (min doqquz yüz qırx iki, yetmiş doqquz) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********07 saylı, 27 fevral 2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 39.43 (otuz doqquz, qırx üç) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı ASC-nin “Xırdalan” filialı ilə “borcalan” Abbasov Zahir Camal oğlu arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh (“miras qoyan” Abbasov Zahir Camal oğlunun miras əmlakından miras payı həcmində) 1527.65 (min beş yüz iyirmi yeddi, altmış beş) AZN məbləğində əsas kredit borcu, 415.14 (dörd yüz on beş, on dörd) AZN məbləğində faiz borcu, ümumilikdə 1942.79 (min doqquz yüz qırx iki, yetmiş doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 39.43 (otuz doqquz, qırx üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (“miras qoyan” Abbasov Zahir Camal oğlunun miras əmlakından miras payı həcmində) 1527.65 (min beş yüz iyirmi yeddi, altmış beş) AZN məbləğində əsas kredit borcu, 415.14 (dörd yüz on beş, on dörd) AZN məbləğində faiz borcu, ümumilikdə 1942.79 (min doqquz yüz qırx iki, yetmiş doqquz) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 39.43 (otuz doqquz, qırx üç) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar