Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-215/2024 28.12.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə cavabdehə illik 31 (otuz bir) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh1 arasında 016FİZAM43297401 saylı, 22 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” bank qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 kredit müqaviləsinə əsasən Bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh2 kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 31 yanvar 2024-cü il tarixə banka 1916.22 (min doqquz yüz on altı, iyirmi iki) AZN məbləğində faiz borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1916.22 (min doqquz yüz on altı, iyirmi iki) AZN məbləğində faiz borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 39.17 (otuz doqquz, on yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. 10 dekabr 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia tələbini rədd edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən iddia tələbinin ona münasibətdə rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Cavabdeh2 iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, Cavabdeh2 iddia tələbinə qarşı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə bağlanmış 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədilə ona illik 31 (otuz bir) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh1 arasında 016FİZAM43297401 saylı, 22 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən o, hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. O, bu müddət ərzində banka olan kredit borcunu tam ödəmişdir. Hətta bank tərəfindən ona kredit borcunun tam ödənildiyi də bildirilmişdir. Həmin tarixdən bu günədək bank tərəfindən ona kredit borcunun movcudluğu ilə bağlı pretenziya göndərilməmiş və məlumat verilməmişdir. Lakin 09 fevral 2024-cü il tarixdə, yəni 10 (on) il müddət keçdikdən sonra bank tərəfindən onun faktiki yaşadığı ünvana pretenziya məktubu göndərilməklə, ondan əsassız olaraq həmin kredit müqaviləsi üzrə 1916.22 (min doqquz yüz on altı, iyirmi iki) AZN məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Eyni zamanda bildirir ki, İddiaçı ASC-nin ona qarşı həmin kredit müqaviləsi üzrə “kredit bocunun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmək hüququ 22 yanvar 2019-cu il tarixdə bitmişdir. Bu səbəbdən də, iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə təqdim edərək hesab edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən İddiaçı ASC tərəfindən müqavilə öhdəlikləri üzrə icra iddia müddəti bitdikdən sonra həmin kredit müqaviləsi üzrə ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia irəli sürüldüyü üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı ASC həmin kredit müqaviləsi üzrə 22 yanvar 2016-cı il tarixdən etibarən 3 (üç) il müddət ərzində deyil, bu müddət başa çatdıqdan sonra 2024-cü il tarixdə ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia irəli sürmüşdür. Bütün bunları nəzərə alaraq, İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddianın iddia müddəti ötürüldüyü üçün rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş və iddia tələbini rədd edərək, iddia tələbinin rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 istehlak məqsədilə illik 31 (otuz bir) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə, 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 22 yanvar 2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 arasında bağlanmış 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 nağd pul şəklində 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 016FİZAM43297401 saylı, 22 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh1 bank qarşısında “zamin” durmuşdur. İş materillarında olan 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh2 5000 (beş min) AZN məbləğində kredit borcunu illik 31 (otuz bir) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir, yəni kredit müddətinin bitdiyi tarix (sonuncu ödəniş tarixi) 22 yanvar 2016-cı ildir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinə əsasən 31 yanvar 2024-cü il tarixə banka 1916.22 (min doqquz yüz on altı, iyirmi iki) AZN məbləğində faiz borcu mövcuddur. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər biri ayrı-ayrılıqda İddiaçı ASC-yə olan kredit borcu barədə iddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişlər. (Belə ki, 09 avqust 2024-cü il tarixli "xxxx" MMC-nin xəbərnaməsinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən məktub göndərilməsi sifariş edilsə də, qapı bağlı olduğu üçün Cavabdeh1 məktubun çatdırılması mümkün olmamışdır...). İş materiallarında olan **********31 saylı, 07 mart 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 39.70 (otuz doqquz, yetmiş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/4682 №-li, 01 iyul 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 22 yanvar 2016-cı il tarixə (kredit müddətinin bitdiyi tarix...) İddiaçı ASC-yə əsas kredit borcu üzrə-1886.67 (min səkkiz yüz səksən altı, altmış yeddi) AZN məbləğində və faiz borcu üzrə-113.72 (yüz on üç, yetmiş iki) AZN məbləği, 31 yanvar 2024-cü il tarixə (maliyyə arayışında qeyd edilmiş tarix...) İddiaçı ASC-yə əsas kredit borcu üzrə-57.04 (əlli yeddi, sıfır dörd) AZN məbləğində və faiz borcu üzrə-255.29 (iki yüz əlli beş, iyirmi doqquz) AZN məbləği təşkil edir. Qeyd: Cavabdeh2 tərəfindən İddiaçı ASC-nin xeyrinə sonuncu kredit ödənişi 29 yanvar 2016-cı il tarixdə həyata keçirilmişdir. (ekspertizanın tədqiqi hissəsi, 3-cü vərəqə) Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş 11 mart 2024-cü il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 11 mart 2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək Mülki Məcəllənin vəzifələrindən hesab edilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludur. Həmin Məcəllənin 6.1.1, 6.1.2 və 6.1.5-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsi” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən “zamanla məhdudlaşdırılmasından” ibarətdir. Belə ki, aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna “istənilən zaman daxilində” deyil, “məhdud zaman daxilində”, yəni qanunla müəyyən edilmiş iddia müddəti daxilində mövcud iddia tələbini irəli sürə bilər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Bundan başqa, tələb hüquqlarına bir qayda olaraq iddia müddəti şamil edilir. Bu müddətin tətbiqi tələb hüququnun özünü aradan qaldırmasa da, həmin tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alır. Başqasözlə, iddia müddəti özünümüdafiə mahiyyətində olmaqla, tələbin məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Belə ki, iddia müddətinin keçməsi iddiaçı (və onun tələb hüququnun varlığı) baxımından bir dəyişiklik yaratmır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən də, iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Bununla da, cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan (əmlakı ilə məsuliyyət daşımaqdan) azad olsun. Hər hansı borclu (cavabdehlərdən biri) bu hüququndan istifadə (özünü müdafiə) etmədikdə tələbin bu səbəbdən rəddi üçün əsas yaranmır, dolayısı ilə o, üzərinə götürdüyü öhdəliyə görə ümumi qaydada məsuliyyət daşıyır. Yəni iddia müddətinin keçməsindən istifadə etmək hər borclunun (cavabdehin) ona qarşı irəli sürülmüş tələbdən fərdi müdafiə vasitəsidir. Qanunverici iddia müddətini cavabdeh tərəfə iddia müddətinin tətbiq edilməsi üçün ərizə verə bilməsini prosessual hüquq kimitanımışdır. Yəni iddiaçı qanunla müəyyən edilmiş müddətdə iddia tələbi ilə məhkəməyə müraciət etmədikdə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququ yaranır. Bundan başqa, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malikolub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyildir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malikdir. Bununla yanaşı, Cavabdeh2 tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilmədiyi üçün İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair subyektiv hüququ pozulmuşdur. Lakin İddiaçı ASC müqavilə öhdəlikləri üzrə icra iddia müddəti bitdikdən sonra Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbini irəli sürmüşdür. Bu səbəbdən də, əsas borclu (cavabdeh) Cavabdeh2 iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti ötürüldüyü üçün iddia tələbi “Cavabdeh2 münasibətdə” rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Həmin Qərarda qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları)... Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həmin Qərarda qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. MM-in 377-ci maddəsinin müddəaları öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir. MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Bu hüquqi vəziyyət həm MM-in 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə MM-in ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Qərarda qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Deryus Litvaya qarşı” iş üzrə 31 iyul 2000-ci il tarixli və “Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı” işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında qeyd edilmişdir ki, bu məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Bundan başqa, məhkəmə “Cavabdeh1 zaminliyə xitam verilməsi barədə ərizəsi” ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 Mayıs oğlu arasında bağlanmış 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncu ödəniş tarixi “22 yanvar 2016-cı il” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış 016CASA14220002 saylı, 22 yanvar 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 22 yanvar 2016-cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra 1 (bir) il ərzində yəni, 22 yanvar 2017-ci il tarixədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “kəsici müddət” dedikdə şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsi başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Hüquq sahibi qanunvericiliklə müəyyən edilmiş kəsici müddət ərzində əqdin mübahisələndirilməsi hüququna malikdir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bu səbəbdən də, kəsici müddət nəzərə alınmaqla, zamin Cavabdeh1 öhdəliyinə xitam verilmiş hesab olunmalı və iddia tələbi “Cavabdeh1 münasibətdə” rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır... Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əssən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, 1. İddiaçı ASC “kredit borcunun ödənilməsi” tələbinə dair məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia irəli sürmək üçün subyektiv hüquqa malik olduğu; 2. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər lazımınca icra edilmədiyi üçün İddiaçı ASC-nin ona qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair subyektiv hüququ pozulduğu; 3. İddiaçı ASC müqavilə öhdəlikləri üzrə icra iddia müddəti bitdikdən sonra Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbini irəli sürdüyü; 4. Cavabdeh2 məhkəmə qərarı çıxarılanadək iddia müddətinin tətbiqi barədə məhkəməyə yazılı ərizə təqdim etdiyi üçün iddia tələbi Cavabdeh2 münasibətdə iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. 5. Kəsici müddət nəzərə alınmaqla, zaminin öhdəliyinə xitam verilmiş hesab edildiyi üçün iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Bundan başqa, İddiaçı ASC-dən mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı ASC-dən mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №e-2(072)-215/2024
Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-215/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver