Məhkəmə qərarları › İş №e-2(072)-251/2025

Cəbrayıl Rayon Məhkəməsi Qərardad — İş №e-2(072)-251/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(072)-251/2025 19.02.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbi əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddianın verilməsi qaydalarına düzgün əməl etmədən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC iddia tələbinin əsaslığını təsdiq edən mötəbər sənədi məhkəməyə təqdim etmədən, “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinin və kredit müqaviləsinin məzmunundan görünür ki, “...kredit təşkilatı tərəfindən Cavabdeh borcalanın sorğusu əsasında və ona verilmiş makrokredit məbləğini ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində cavabdehə şəxsi məqsədləri üçün 30 (otuz) gün müddətinə, illik 60.85 (altmış, səksən beş) % ödəmək şərti ilə 600 (altı yüz) AZN məbləğində kredit verilmiş və “borcalan” tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi üçün Cavabdeh 1080 (min səksən) AZN məbləğində kredit borcunun ödənilməsi...” tələb edilir. Lakin iddia ərizəsinə məhz kreditin nağd şəkildə cavabdehə verilməsini və (və ya) bank hesabına köçürülməsini və “borcalan” tərəfindən istifadə edilməsini təsdiq edən mötəbər sənəd (kassa məxaric orderi, ödəniş tapşırığı, bank hesabına pul vəsaitinin köçürülməsini təsdiq edən hesabdan çıxarış, kreditin hərəkət cədvəli və s.) əlavə edilməmiş, eləcə də iş materiallarından iş üzrə əhəmiyyət kəsb edən bu hallar müəyyən edilmir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bundan başqa, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı ümumilikdə 1080 (min səksən) AZN məbləğində “kredit borcunun ödənilməsi” tələbini irəli sürdüyü halda, lakin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu düzgün ödəməmişdir. Yəni iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən 30.80 (otuz, səksən) AZN məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 30 (otuz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən pul vəsaiti alınması haqqında iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC tərəfindən irəli sürülmüş pul tələbinə dair iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğu üçün qanunla müəyyən edilmiş qaydada 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Bu səbəbdən də, hesab edirəm ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3, 284-4, 263, 264, 266-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbi əsasında iddia ərizəsini qəbul etməkdən imtina edilsin və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar