Məhkəmə qərarları › İş №e-2(072)-546/2024

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-546/2024

23.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-546/2024 23.08.2024 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil): Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh ilə 14 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 07 iyul 2014-cü ildə “Elnurə” və 01 oktyabr 2015-ci ildə “Emin” adlı 2 (iki) uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-051/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, tərəflərin rəsmi nikahından 07 iyul 2014-cü ildə anadan olmuş X1 və 01 oktyabr 2015-ci ildə anadan olmuş X3 İddiaçı yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Ötən müddət ərzində Cavabdeh ödədiyi 200 (iki yüz) AZN sabit pul məbləğində aliment hesabına tərəflərin rəsmi nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları Elnurənin və Eminin tələbatı ödənilmir. Təbii ki, uşağın böyüməsi ilə əlaqədar onun xərcləri də artır. Onu da qeyd edir ki, tərəflərin rəsmi nikahlarından anadan olmuş uşaqları Elnurə və Emin orta məktəbdə təhsil alırlar, İddiaçı onları saxlamaqda, gündəlik tələbatını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir və onun maddi yardıma ehtiyacı vardır. Lakin Cavabdeh fərdi əmək ilə məşğul olur və onun müəyyən məbləğ qazancı vardır. Hesab edir ki, hər bir valideyn, hər ata öz doğma övladına layiqincə həm maddi, həm də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirməlidir. Lakin Vüsal yetkinlik yaşına çatmayan uşaqları Elnurəyə və Eminə layiqincə nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirir, hətta uzun müddətdir ki, onlar ilə maraqlanmır. Düzdür, İddiaçı bir ana kimi uşaqlarına maddi və mənəvi cəhətdən köməklik edir. Lakin bu hal Vüsalı bir valideyn, bir ata kimi öz doğma övladlarını saxlamaq, onun qayğıları ilə maraqlanmaq vəzifəsindən və məsuliyyətindən azad etmir. Eyni zamanda, hesab edir ki, uşağın hər yaş həddində əsl valideyn məhəbbətinə, valideyn qayğısına ehiyacı vardır. Bu səbəbdən də, hüquqlarını təmsil etdiyi İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-51/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, tərəflərin rəsmi nikahından 07 iyul 2014-cü ildə anadan olmuş X1 və 01 oktyabr 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində, ümumilikdə 470 (dörd yüz yetmiş) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, İddiaçı ilə 14 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Onların rəsmi nikahından 07 iyul 2014-cü ildə “Elnurə” və 01 oktyabr 2015-ci ildə “Emin” adlı 2 (iki) uşağı anadan olmuşdur. Düzdür, ailə qurduqdan sonra bir müddət ərzində onların arasında mehriban ər-arvad, ailə münasibətləri olmuşdur. Lakin bir müddət keçdikdən sonra ər-arvad, o cümlədən, ailə münasibətləri pisləşməyə başlamışdır. Müəyyən ailədaxili mübahisələrə görə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-051/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə onların rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 07 iyul 2014-cü ildə anadan olmuş X1 və 01 oktyabr 2015-ci ildə anadan olmuş X3 İddiaçı yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay özünün qazancından ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Eyni zamanda, bildirir ki, İddiaçı nümayəndəsi (vəkil) Şirvan Regional Vəkil Bürosunun vəkili Nümayəndə dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, o, əvvəllər imkanı daxilində uşaqları Elnurəyə və Eminə maddi, mənəvi cəhətdən köməklik göstərərək, atalıq qayğısını yerinə yetirmiş və onların onun ehtiyaclarını qarşılamışdır. Hal-hazırda özü işləmir və aliment məbləğini ödəməyə də maddi imkanı yoxdur. Onu da qeyd edir ki, o, ikinci dəfə “Xəyalə” adlı qadın ilə ailə qurmuş, lakin birgə nikahlarından uşaqları anadan olmamışdır. Hesab edir ki, İddiaçı tələb etdiyi aliment məbləği də yüksək həddədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ 346694 №-li, 12 avqust 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 07 iyul 2014-cü ildə “X4” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ 628526 №-li, 20 oktyabr 2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı rəsmi nikahından 01 oktyabr 2015-ci ildə “X5” adında uşaqları anadan olmuşdur. İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-051/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin rəsmi nikahına xitam verilməsi, rəsmi nikahlarından 07 iyul 2014-cü ildə anadan olmuş X1 və 01 oktyabr 2015-ci ildə anadan olmuş X3 iddiaçı (ana) İddiaçı yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından hər bir uşağa görə 100 (yüz) AZN sabit pul məbləğində, ümumilikdə 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 336680 №-li, 20 noyabr 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 20 noyabr 2019-cu il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında 77 № ilə qeyd edilmiş və nikah pozulduqdan sonra arvada “Şahverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş AZ-İİ 468694 №-li, 13 avqust 2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında 13 avqust 2013-cü il tarixdə rəsmi nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 34 № ilə qeyd edilmiş və və nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, İddiaçı rəsmi gəliri yoxdur. İş materiallarında olan elektron sorğu məlumatından görünür ki, Cavabdeh rəsmi gəliri yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın müddəalarına əsasən iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın....Uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir...Yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq Hüquqları haqqında” BMT Konvensiyanın 4-cü prinsipinə əsasən uşaq sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları” Bəyənnaməsinin 6-cı prinsipinə əsasən uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin şərh edilməsinə dair 27 yanvar 2015-cı il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qərarda qeyd edilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bununla yanaşı, məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı qeyd edir ki, alimentin artırılması ilə bağlı cavabdehdən tutulmalı olan sabit pul məbləğində aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra icraya yönəlməli və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, lakin irəli sürülmüş iddia tələbin mahiyyəti aliment məbləğinin artırılması ilə bağlıdır. Bu səbəbdən də, qanunun tələbləri aliment məbləğinin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, yuxarıda göstərilən qanunvericilik aktı normalarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikasının Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, o cümlədən, tərəflərin rəsmi nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların fiziki, psixi və mənəvi inkişafını, mənafeyini, sağlamlığının təmin edilməsini, Cavabdeh uşağın saxlanması üçün aliment ödəmək öhdəliyini, uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanmasında kifayət etməməsini, alimentin miqdarının artırılacağı təqdirdə bunun uşağın maddi vəziyyətinə müsbət təsirini, eləcə də aliment verməyə borclu olan cavabdehin (ata) aliment verməsinə dair maddi imkanlarını və iddiaçının (ana) uşağın gündəlik tələbatını qarşılamaqda maddi imkansızlığını (...ümumilikdə hər iki valideynin maddi imkanı nəzərə alınmaqla...) nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-051/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 320 (üç yüz iyirmi) AZN sabit pul məbləği həddində artırılmalı, tərəflərin rəsmi nikahından 07 iyul 2014-cü ildə anadan olmuş X1 və 01 oktyabr 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 160 (yüz altmış) AZN sabit pul məbləğində, ümumilikdə 320 (üç yüz iyirmi) AZN sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-051/2019 saylı, 19 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 200 (iki yüz) AZN sabit pul məbləğində alimentin miqdarı 320 (üç yüz iyirmi) AZN sabit pul məbləği həddində artırılsın. Tərəflərin rəsmi nikahından 07 iyul 2014-cü ildə anadan olmuş X1 və 01 oktyabr 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən hər bir uşağa görə 160 (yüz altmış) AZN sabit pul məbləğində, ümumilikdə 320 (üç yüz iyirmi) AZN sabit pul məbləğində tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar