Məhkəmə qərarları › İş №e-2(072)-571/2023

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-571/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-571/2023 06.12.2023 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümumi şərləti ilə tanış olmuşdur. Bundan başqa, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 27 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən (kredit verilməsinə dair razılıq ərizəsi) əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə Cavabdeh aylıq 1.4583 % faiz dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 7800 (yeddi min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsinə əsasən bankın xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 25 avqust 2023-cü il tarixə banka 5856.59 (beş min səkkiz yüz əlli altı, əlli doqquz) AZN məbləğində əsas kredit borcu, 918.53 (doqquz yüz on səkkiz, əlli üç) AZN məbləğində faiz borcu, 441.39 (dörd yüz qırx bir, otuz doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 7216.51 (yeddi min iki yüz on altı, əlli bir) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən Cavabdeh 5856.59 (beş min səkkiz yüz əlli altı, əlli doqquz) AZN məbləğində əsas kredit borcunun, 918.53 (doqquz yüz on səkkiz, əlli üç) AZN məbləğində faiz borcunun, 441.39 (dörd yüz qırx bir, otuz doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 7216.51 (yeddi min iki yüz on altı, əlli bir) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 92.17 (doxsan iki, on yeddi) AZN məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. 13 oktyabr 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddia tələbinin qismən təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı QSC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, İddiaçı QSC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh o cümlədən, İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2021-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında” müqavilənin ümüumi şərləti ilə tanış olmuşdur. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 021A********** saylı, 27 iyul 2021-ci il tarixli kredit müqaviləsinin surətindən (kredit verilməsinə dair razılıq ərizəsi) görünür ki, bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə aylıq 1.4583 % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə 7800 (yeddi min səkkiz yüz) AZN məbləğində kredit verilmişdir. İş materillarında olan 021A********** saylı, 27 iyul 2021-ci il tarixli kredit müqaviləsinə (kredit verilməsinə dair razılıq ərizəsi) əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh 7800 (yeddi min səkkiz yüz) AZN məbləğində kredit borcunu aylıq 1.4583 % dərəcəsi tətbiq edilməklə, 36 (otuz altı) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 8792 saylı, 01 sentyabr 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 25 avqust 2023-cü il tarixə banka 5856.59 (beş min səkkiz yüz əlli altı, əlli doqquz) AZN məbləğində əsas kredit borcu, 918.53 (doqquz yüz on səkkiz, əlli üç) AZN məbləğində faiz borcu, 441.39 (dörd yüz qırx bir, otuz doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 7216.51 (yeddi min iki yüz on altı, əlli bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh İddiaçı QSC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 31 avqust 2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən iddia qaldırılması üçün 92.17 (doxsan iki, on yeddi) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icrasını gecikdirir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin “441.39 (dörd yüz qırx bir, otuz doqquz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə İddiaçı QSC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “441.39 (dörd yüz qırx bir, otuz doqquz) AZN məbləğində cərimə borcu 50 (əlli) AZN məbləğinə qədər” azaldılmalı və iddia tələbinin “cərimə məbləğinin ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 5856.59 (beş min səkkiz yüz əlli altı, əlli doqquz) AZN məbləğində əsas kredit borcu, 918.53 (doqquz yüz on səkkiz, əlli üç) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 6825.12 (altı min səkkiz yüz iyirmi beş, on iki) AZN məbləğində kredit borcu və 87.16 (səksən yeddi, on altı) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, İddiaçı QSCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5856.59 (beş min səkkiz yüz əlli altı, əlli doqquz) AZN məbləğində əsas kredit borcu, 918.53 (doqquz yüz on səkkiz, əlli üç) AZN məbləğində faiz borcu, 50 (əlli) AZN məbləğində cərimə borcu, ümumilikdə 6825.12 (altı min səkkiz yüz iyirmi beş, on iki) AZN məbləğində kredit borcu və 87.16 (səksən yeddi, on altı) AZN məbləğində dövlət rüsumu tutularaq, İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar