Məhkəmə qərarları › İş №e-2(072)-77/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-77/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-77/2025 13.01.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 05129 saylı, 29 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən şəxsi məqsədilə cavabdehə illik 36 (otuz altı) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda, kredit müqaviləsindən meydana gələn öhdəliyin icrasının təminatı olaraq bank ilə digər Cavabdeh2 arasında 29 mart 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən “borclu” cəmiyyət qarşısında yaranmış öhdəlikləri vaxtında və lazıminca icra etmədikdə, öhdəliklərin icrası üçün “zamin” və “borclu” eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinə əsasən cəmiyyətin xeyrinə müəyyən məbləğ pul ödənişini həyata keçirmişdir. Lakin Cavabdeh1 kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən cəmiyyət qarşısında öhdəliklərini tam icra etməyən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmiyyətə olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilmələrinə baxmayaraq, öhdəliklərini tam icra etməmişlər. Hal-hazırda cəmiyyət qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh1 15 oktyabr 2024-cü il tarixə cəmiyyətə 673.94 (altı yüz yetmiş üç, doxsan dörd) AZN məbləğində əsas kredit borcu, 95.47 (doxsan beş, qırx yeddi) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 250.79 (iki yüz əlli, yetmiş doqquz) AZN məbləğində faiz borcu və ümumilikdə 1020.20 (min iyirmi, iyirmi) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 673.94 (altı yüz yetmiş üç, doxsan dörd) AZN məbləğində əsas kredit borcunun, 95.47 (doxsan beş, qırx yeddi) AZN məbləğində cərimə borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 250.79 (iki yüz əlli, yetmiş doqquz) AZN məbləğində faiz borcunun, ümumilikdə 1020.20 (min iyirmi, iyirmi) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 30.20 (otuz, iyirmi) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" MMC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yuvandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, o cümlədən iddiaçı "xxxx" MMC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə qarşı etiraz və mülahizələrini məhkəməyə təqdim etməmişlər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 05129 saylı, 29 mart 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh1 şəxsi məqsədilə illik 36 (otuz altı) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə, 2500 (iki min beş yüz) AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 mart 2019-cu il tarixli “ödəniş kartının təhvil-təslimi”nə dair cədvəlin surətindən görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 05129 saylı, 29 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cəmiyyət tərəfindən Cavabdeh1 məxsus “9032 3900 0046 6282” saylı hesab nömrəsinə 2500 (iki min beş yüz) AZN məbləğində pul köçürülmüş və kredit kartı Cavabdeh1 təqdim edilmişdir. İş materillarında olan 05129 saylı, 29 mart 2019-cu il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 2500 (iki min beş yüz) AZN məbləğində kredit borcunu illik 36 (otuz altı) % dərəcəsi tətbiq edilməklə, 18 (on səkkiz) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 29 mart 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq, Cavabdeh2 cəmiyyət qarşısında “zamin” durmuşdur. İş materiallarında olan 15 oktyabr 2024-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən 15 oktyabr 2024-cü il tarixə cəmiyyətə 673.94 (altı yüz yetmiş üç, doxsan dörd) AZN məbləğində əsas kredit borcu, 95.47 (doxsan beş, qırx yeddi) AZN məbləğində cərimə borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 250.79 (iki yüz əlli, yetmiş doqquz) AZN məbləğində faiz borcu və ümumilikdə 1020.20 (min iyirmi, iyirmi) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 2024/598 saylı, 04 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər biri ayrı-ayrılıqda iddiaçı "xxxx" MMC-yə olan kredit borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 15 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia qaldırılması üçün 31 (otuz bir) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsinə dair 9/1633 №-li, 01 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" MMC-yə... 1. 29 sentyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix...) əsas kredit borcu üzrə-1030.14 (min otuz, on dörd) AZN məbləği, faiz borcu üzrə-4.12 (dörd, on iki) AZN məbləği; 2. 15 oktyabr 2024-cü il tarixə (maliyyə arayışında göstərilmiş tarix...) əsas kredit borcu üzrə-384.26 (üç yüz səksən dörd, iyirmi altı) AZN məbləği, faiz borcu üzrə-0 (sıfır) AZN məbləği, 29 sentyabr 2020-ci il tarixdən 15 oktyabr 2024-cü il tarixədək müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcu-96.19 (doxsan altı, on doqquz) AZN məbləği təşkil edir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Cavabdeh1 tərəfindən sonuncu ödəniş 02 noyabr 2021-ci il tarixdə 80 (səksən) AZN məbləğində olmuşdur. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470 və 472-ci maddələrinin tələbinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, habelə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “ekspert rəyi”nin mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfin istinad etdiyi “kredit ödənişlərinin məbləği” məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hal digər sübutetmə vasitələri təsdiq oluna bilməz, qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız eskpert tərəfindən tədqiqat aparılmaqla, təsdiq olunması mümkündür. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “kredit borcunun zamindən tutularaq, bankın xeyrinə ödənilməsi” hissəsində hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış arasında bağlanmış 05129 saylı, 29 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən sonuncu ödəniş tarixi “29 sentyabr 2020-ci il” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış 05129 saylı, 29 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 29 sentyabr 2020-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra 1 (bir) il ərzində yəni, 29 sentyabr 2021-ci il tarixədək kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Bu səbəbdən də, zamin Cavabdeh2 öhdəliyinə xitam verilmiş hesab olunmalı və iddia tələbi “Cavabdeh2 münasibətdə” rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 01 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki,...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır... Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kəsici müddət şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Məhkəmə iddia tələbinin “95.47 (doxsan beş, qırx yeddi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə olan kredit borcunun bir hissəsi ödənildiyi, öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" MMC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də, tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, 95.47 (doxsan beş, qırx yeddi) AZN məbləğində cərimə borcu 20 (iyirmi) AZN məbləğinə qədər azaldılmalı və iddia tələbinin “95.47 (doxsan beş, qırx yeddi) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin “müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 250.79 (iki yüz əlli, yetmiş doqquz) AZN məbləğində faiz borcunun ödənilməsi” hissəsində hesab edir ki, “borclu” Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələrinə görə məsuliyyət daşıdığı, eləcə də bu halda “kreditor” kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olduğu üçün Cavabdeh1 kredit müqaviləsinə əsasən 29 sentyabr 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) mövcud olan əsas kredit borcunu, faiz borcunu, cərimə borcunu (bu tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla...), o cümlədən kredit müqaviləsi üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcunu iddiaçı "xxxx" MMC-yə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kredit müqaviləsinin müddəti tərəflərin hüququ və vəzifələrinin yaranmasının, dəyişdirilməsini və xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyi, kreditin peşəkarlıq qaydasında verilməsi ilə bağlı kredit təşkilatları məşğul olduğu və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyi üçün kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Həmin Qərarda qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, 20 sentyabr 2020-ci il tarixdən sonrakı 15 oktyabr 2024-cü il tarixədək ödənişlər nəzərə alınmaqla, Cavabdeh1 384.26 (üç yüz səksən dörd, iyirmi altı) AZN məbləğində əsas kredit borcu, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, illik 5 % olmaqla, 96.19 (doxsan altı, on doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 500.45 (beş yüz, qırx beş) AZN məbləğində kredit borcu və 14.81 (on dörd, səksən bir) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bundan başqa, zaminin öhdəliyinə xitam verilmiş hesab edildiyi üçün iddia tələbi Cavabdeh2 münasibətdə rədd edilməlidir. Bundan başqa, Cavabdeh1 mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 384.26 (üç yüz səksən dörd, iyirmi altı) AZN məbləğində əsas kredit borcu, 20 (iyirmi) AZN məbləğində cərimə borcu, illik 5 % olmaqla, 96.19 (doxsan altı, on doqquz) AZN məbləğində faiz borcu, ümumilikdə 500.45 (beş yüz, qırx beş) AZN məbləğində kredit borcu və 14.81 (on dörd, səksən bir) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə rədd edilsin. Cavabdeh1 mülki iş üzrə ilkin “məhkəmə-mühasibatlıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaiti tutularaq, Dövlət nəfinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar