Məhkəmə qərarları › İş №e-2(072)-826/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-826/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-826/2025 23.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh Məhəmməd oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Məhəmməd oğluna qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin “Yasamal” filialı ilə Cavabdeh Məhəmməd oğlu arasında bağlanmış ******* saylı, 04 may 2015-ci il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə” müqaviləsinə 21 avqust 2017-ci il tarixli əlavə saziş bağlanmaqla, 1990.22 (min doqquz yüz doxsan, iyirmi iki) AZN məbləğində qalıq kreditin müddəti 21 avqust 2019-cu il tarixədək uzadılmışdır. Bundan başqa, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh Məhəmməd oğlu arasında bağlanmış LM101900220 saylı, 16 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq məbləğinin ödənilməsi məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 60 (altmış) ay müddətinə illik 1 (bir) % dərəcəsi ilə 1701 (min yeddi yüz bir) AZN məbləğində kredit restrukturizasiya olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh Məhəmməd oğlu hər ay vaxtı-vaxtında əsas kredit borcunu və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bankın xeyrinə ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh Məhəmməd oğlu kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh Məhəmməd oğlu banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh Məhəmməd oğlunun 10 mart 2025-ci il tarixə banka 1590.42 (min beş yüz doxsan, qırx iki) AZN məbləğində əsas kredit borcu, 45.81 (qırx beş, səksən bir) AZN məbləğində faiz borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 31.90 (otuz bir, doxsan) AZN məbləğində faiz borcu və ümumilikdə 1668.13 (min altı yüz altmış səkkiz, on üç) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh Məhəmməd oğlundan 1590.42 (min beş yüz doxsan, qırx iki) AZN məbləğində əsas kredit borcunun, 45.81 (qırx beş, səksən bir) AZN məbləğində faiz borcunun, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 31.90 (otuz bir, doxsan) AZN məbləğində faiz borcunun, ümumilikdə 1668.13 (min altı yüz altmış səkkiz, on üç) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 36.69 (otuz altı, altmış doqquz) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh Məhəmməd oğluna rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh Məhəmməd oğlu bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh Məhəmməd oğlu arasında bağlanmış ******* saylı, 04 may 2015-ci il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə” müqaviləsinə 21 avqust 2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, 1990.22 (min doqquz yüz doxsan, iyirmi iki) AZN məbləğində qalıq kreditin müddəti 21 avqust 2019-cu il tarixədək uzadılmışdır. İş materillarında olan ******* saylı, 04 may 2015-ci il tarixli “Kredit kartın verilməsi və istifadəsi üzrə” müqaviləsinə 21 avqust 2017-ci il tarixli əlavə sazişə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh Məhəmməd oğlu 1990.22 (min doqquz yüz doxsan, iyirmi iki) AZN məbləğində qalıq kredit borcunu illik 17 (on yeddi) % dərəcəsi tətbiq edilməklə, 24 (iyirmi dörd) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh Məhəmməd oğlu arasında bağlanmış LM101900220 saylı, 16 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin və “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 60 (altmış) ay müddətinə illik 1 (bir) % dərəcəsi ilə 1701 (min yeddi yüz bir) AZN məbləğində kredit restrukturizasiya olunmuşdur. İş materillarında olan LM101900220 saylı, 16 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əlavədən, yəni ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh Məhəmməd oğlu 1701 (min yeddi yüz bir) AZN məbləğində kredit borcunu illik 1 (bir) % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə hər ay vaxtı-vaxtında bankın xeyrinə ödəməlidir. İş materiallarında olan 12-5/2-A-23-4275/2025 saylı, 11 mart 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh Məhəmməd oğlunun kredit müqaviləsinə əsasən 10 mart 2025-ci il tarixə banka 1590.42 (min beş yüz doxsan, qırx iki) AZN məbləğində əsas kredit borcu, 45.81 (qırx beş, səksən bir) AZN məbləğində faiz borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 31.90 (otuz bir, doxsan) AZN məbləğində faiz borcu və ümumilikdə 1668.13 (min altı yüz altmış səkkiz, on üç) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan 12-5/2-A-41-4276/2025 saylı, 11 mart 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh Məhəmməd oğlu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan **********58 saylı, 22 sentyabr 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia qaldırılması üçün 36.69 (otuz altı, altmış doqquz) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, “borclu” Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələrinə görə məsuliyyət daşıdığı, eləcə də bu halda “kreditor” kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququna malik olduğu üçün Cavabdeh Məhəmməd oğlu kredit müqaviləsinə əsasən 16 oktyabr 2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarix) mövcud olan əsas kredit borcunu, faiz borcunu, cərimə borcunu (bu tarixdən sonrakı ödənişlər nəzərə alınmaqla...), o cümlədən kredit müqaviləsi üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, faiz borcunu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Kredit müqaviləsinin müddəti tərəflərin hüququ və vəzifələrinin yaranmasının, dəyişdirilməsini və xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyi, kreditin peşəkarlıq qaydasında verilməsi ilə bağlı kredit təşkilatları məşğul olduğu və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyi üçün kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Həmin Qərarda qeyd edilmişdir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəflərin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır... Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh Məhəmməd oğlu arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh Məhəmməd oğlundan 1590.42 (min beş yüz doxsan, qırx iki) AZN məbləğində əsas kredit borcu, 45.81 (qırx beş, səksən bir) AZN məbləğində faiz borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 31.24 (otuz bir, iyirmi dörd) AZN məbləğində faiz borcu, (16 oktyabr 2024-cü il tarixdən 10 mart 2025-ci il tarixədək olan müddət 142 gün nəzərə alınaraq...), ümumilikdə 1667.47 (min altı yüz altmış yeddi, qırx yeddi) AZN məbləğində kredit borcu və 36.66 (otuz altı, altmış altı) AZN məbləğində dövlət rüsumu (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq...) tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan 1590.42 (min beş yüz doxsan, qırx iki) AZN məbləğində əsas kredit borcu, 45.81 (qırx beş, səksən bir) AZN məbləğində faiz borcu, müqavilə üzrə borc gecikdirildiyinə görə hesablanmış və tələb olunan illik 5 % olmaqla, 31.24 (otuz bir, iyirmi dörd) AZN məbləğində faiz borcu, ümumilikdə 1667.47 (min altı yüz altmış yeddi, qırx yeddi) AZN məbləğində kredit borcu və 36.66 (otuz altı, altmış altı) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar