Məhkəmə qərarları › İş №e-2(072)-943/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-943/2025

24.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-943/2025 24.02.2026 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əliyev Asəf Seyfəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02U/23 saylı, 01 oktyabr 2023-cü il tarixli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair” standart şərtləri ilə tanış olmuşdur. Bundan başqa, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış 17205nkSUMb/23 saylı, 16 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə, illik 28.75 (iyirmi səkkiz, yetmiş beş) % ödəmək şərtilə 6800 (altı min səkkiz yüz) AZN məbləğində kredit xətti açılmış və kredit məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 18 iyul 2025-ci il tarixə banka 6409.20 (altı min dörd yüz doqquz, iyirmi) AZN məbləğində əsas kredit borcu, 1214.32 (min iki yüz on dörd, otuz iki) AZN məbləğində faiz borcu, 61.39 (altmış bir, otuz doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 7684.91 (yeddi min altı yüz səksən dörd, doxsan bir) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 6409.20 (altı min dörd yüz doqquz, iyirmi) AZN məbləğində əsas kredit borcunun, 1214.32 (min iki yüz on dörd, otuz iki) AZN məbləğində faiz borcunun, 61.39 (altmış bir, otuz doqquz) AZN məbləğində cərimə borcunun, ümumilikdə 7684.91 (yeddi min altı yüz səksən dörd, doxsan bir) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 97.25 (doxsan yeddi, iyirmi beş) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" Kommersiya Bankı ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə ki, Cavabdeh teleqram ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbini qəbul edərək, banka olan kredit borcunu hissə-hissə ödəyəcəyini bildirməklə, iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Cavabdeh 15 noyabr 2023-cü il tarixli “Ərizə-Anket və İmza nümənəsi”nin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin 02U/23 saylı, 01 oktyabr 2023-cü il tarixli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair” standart şərtləri ilə tanış olmuşdur. İş materiallarında olan “elektron bildirişin tarixçəsi haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 17205nkSUMb/23 saylı, 16 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh sms bildiriş (“**********” nömrəsinə sms göndərilməsi vasitəsilə) ilə 60 (altmış) ay müddətinə, illik 28.75 (iyirmi səkkiz, yetmiş beş) % ödəmək şərtilə 6800 (altı min səkkiz yüz) AZN məbləğində kredit xətti açılmış və kredit məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 17205nkSUMb/23 saylı, 16 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair” standart şərtləri çərçivəsində bank tərəfindən Cavabdeh bank hesabına 6800 (altı min səkkiz yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1297058 saylı, 18 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 18 iyul 2025-ci il tarixə banka 6409.20 (altı min dörd yüz doqquz, iyirmi) AZN məbləğində əsas kredit borcu, 1214.32 (min iki yüz on dörd, otuz iki) AZN məbləğində faiz borcu, 61.39 (altmış bir, otuz doqquz) AZN məbləğində cərimə borcu və ümumilikdə 7684.91 (yeddi min altı yüz səksən dörd, doxsan bir) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD/ saylı, 18 iyun 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan kredit borcu barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********** saylı, 18 iyul 2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 97.25 (doxsan yeddi, iyirmi beş) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qavericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 6409.20 (altı min dörd yüz doqquz, iyirmi) AZN məbləğində əsas kredit borcu, 1214.32 (min iki yüz on dörd, otuz iki) AZN məbləğində faiz borcu, 61.39 (altmış bir, otuz doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 7684.91 (yeddi min altı yüz səksən dörd, doxsan bir) AZN məbləğində kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 97.25 (doxsan yeddi, iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6409.20 (altı min dörd yüz doqquz, iyirmi) AZN məbləğində əsas kredit borcu, 1214.32 (min iki yüz on dörd, otuz iki) AZN məbləğində faiz borcu, 61.39 (altmış bir, otuz doqquz) AZN məbləğində cərimə borcu, ümumilikdə 7684.91 (yeddi min altı yüz səksən dörd, doxsan bir) AZN məbləğində əsas kredit borcu və iddia qaldırılması üçün ödənilmiş 97.25 (doxsan yeddi, iyirmi beş) AZN məbləğində dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar