Məhkəmə qərarları › İş №e-2(072)-954/2025

Cəbrayıl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(072)-954/2025

30.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(072)-954/2025 30.12.2025 CƏBRAYIL RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təqdim edilmiş sənədlər əsasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 7652sXRD/20 saylı, 11 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcalana illik 29 (iyirmi doqquz) % olmaq şərtilə 60 (altmış) ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir. Kreditin ilkin məbləği 300 (üç yüz) AZN məbləği təşkil edir. Daha sonra UB-BANK/PİKMD/-S saylı, 19 may 2022-ci il tarixli bildiriş ilə “Albalı+kredit kartının” limiti 1100 (min yüz) AZN məbləğinə qədər artırılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1 (bir) % maksimum 6 (altı) % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı borcalan tərəfindən əlavə olaraq ödənir. Lakin Cavabdeh kredit müqaviləsinə əsasən bank qarşısında olan öhdəliklərini tam icra etməmişdir. Kredit müqaviləsinə əsasən bank qarşısında öhdəliklərini tam icra etməyən Cavabdeh banka olan kredit borcu barədə bir neçə dəfə şifahi və yazılı formada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklərini tam icra etməmişdir. Hal-hazırda bank qarşısında olan öhdəliklərini tam icra etməyən Cavabdeh 09 iyul 2025-ci il tarixə banka 912.91 (doqquz yüz on iki, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 203.55 (iki yüz üç, əlli beş) AZN məbləğində faiz borcu, 193.10 (yüz doxsan üç, on) AZN məbləğində cərimə borcu və ümumilikdə 1309.56 (min üç yüz doqquz, əlli altı) AZN məbləğində kredit borcu mövcuddur. Qeyd edilənlərə əsasən, Cavabdeh 912.91 (doqquz yüz on iki, doxsan bir) AZN məbləğində əsas kredit borcunun, 203.55 (iki yüz üç, əlli beş) AZN məbləğində faiz borcunun, 193.10 (yüz doxsan üç, on) AZN məbləğində cərimə borcunun, ümumilikdə 1309.56 (min üç yüz doqquz, əlli altı) AZN məbləğində kredit borcunun və iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 33.50 (otuz üç, əlli) AZN məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində məhkəmə tərəfindən Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş və bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq, həmin işin həllinə dair qətnamə çıxarılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış 7652sXRD/20 saylı, 11 noyabr 2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh illik 29 (iyirmi doqquz) % dərəcəsi tətbiq edilməklə, 60 (altmış) ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit) kredit ayrılmış, kreditin ilkin limiti 300 (üç yüz) AZN məbləğində təyin edilmiş, bank hesabı açmış və ödəniş kartı təqdim edilmişdir. İş materiallarında olan “elektron bildirişin tarixçəsi haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 7652sXRD/20 saylı, 11 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən UB-BANK/PİKMD/-S saylı, 19 may 2022-ci il tarixli sms bildiriş (“**********” nömrəsinə sms göndərilməsi vasitəsilə) ilə “Albalı+kredit kartının” limiti 1100 (min yüz) AZN məbləğinə qədər artırılmışdır. İş materiallarında olan “kreditin hərəkət cədvəli haqqında” sistemdən çıxarışın surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 7652sXRD/20 saylı, 11 noyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh bank hesabına 1100 (min yüz) AZN məbləğində (kredit) pul vəsaiti köçürülmüş və “borcalan” tərəfindən kredit vəsaitindən istifadə edilmişdir. İş materiallarında olan UB-BANK/PİKMD/1319236 saylı, 09 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 09 iyul 2025-ci il tarixə banka 912.91 (doqquz yüz on iki, doxsan bir) AZN məbləğində əsas borcu, 203.55 (iki yüz üç, əlli beş) AZN məbləğində faiz borcu, 193.10 (yüz doxsan üç, on) AZN məbləğində cərimə borcu və ümumilikdə 1309.56 (min üç yüz doqquz, əlli altı) AZN məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan UB-BANK/PİKMD saylı, 20 may 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən 20 may 2025-ci il tarixə banka 912.91 (doqquz yüz on iki, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 173.21 (yüz yetmiş üç, iyirmi bir) AZN məbləğində faiz borcu, 151.28 (yüz əlli bir, iyirmi səkkiz) AZN məbləğində cərimə borcu, ümumilikdə 1237.40 (min iki yüz otuz yeddi, qırx) AZN məbləğində kredit borcu mövcuddur və bu həcmində kredit borcunun tam ödənilməsi barədə bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. (yəni “kreditor” “borcalan”dan əsas kredit borcunun, faiz borcunun və cərimə borcunun hamısının tam ödənilməsini tələb etməklə, kredit müqaviləsinin birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada ləğvi forması...). İş materiallarında olan ********** saylı, 09 iyul 2025-ci il tarixli ödəniş qəbzin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən iddia qaldırılması üçün 33.50 (otuz üç, əlli) AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə irəli sürülmüş iddia tələbinin “151.28 (yüz əlli bir, iyirmi səkkiz) AZN məbləğində cərimə borcunun ödənilməsi” hissəsində hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə olan öhdəliyin icrasının gecikdirilməsinə görə iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən cərimə məbləği tənasübsüz surətdə yüksək həddə hesablandığı, eləcə də tərəflərin həm əmlak, həm də bütün əsaslı mənafelərini və mülki hüquq subyektlərinin bərabərliyini təmin etmədiyi üçün cərimə borcu işin hallarına görə mütənasib deyildir. Bu səbəbdən də, “151.28 (yüz əlli bir, iyirmi səkkiz) AZN məbləğində cərimə borcu 45 (qırx beş) AZN məbləğinə qədər azaldılmalı” və iddia tələbinin “cərimə borcunun ödənilməsi” hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki,...hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Mülki Məcəllənin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin “Xırdalan” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia qismən təmin edilməli, Cavabdeh 912.91 (doqquz yüz on iki, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 173.21 (yüz yetmiş üç, iyirmi bir) AZN məbləğində faiz borcu, 45 (qırx beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 1131.12 (min yüz otuz bir, on iki) AZN məbləğində kredit borcu, 28.58 (iyirmi səkkiz, əlli səkkiz) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidməti haqqı tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-230, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 912.91 (doqquz yüz on iki, doxsan bir) AZN məbləğində əsas kredit borcu, 173.21 (yüz yetmiş üç, iyirmi bir) AZN məbləğində faiz borcu, 45 (qırx beş) AZN məbləğində cərimə borcu, ümumilikdə 1131.12 (min yüz otuz bir, on iki) AZN məbləğində kredit borcu, 28.58 (iyirmi səkkiz, əlli səkkiz) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidməti haqqı tutularaq, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəbrayıl Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar