Məhkəmə qərarları › İş №e-2(073)-1291/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1291/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1291/2025 25.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ogluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6807.96 manat əsas, 981 manat faiz borcu olmaqla, cəmi 7788.96 manat pul vəsaitinin və 97.89 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddianı əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsinə əsasən ona müddəti 36 ay, illik 25 faiz dərəcəsi ilə 6807.96 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən xəzinə məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin 05 mart 2025-ci il tarixə İddiaçı ASC-yə 6807.96 manat əsas, 981 manat faiz, cəmi 7788.96 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh İddiaçı ASCnin xeyrinə 6807.96 manat əsas, 981 manat faiz borcu olmaqla, cəmi 7788.96 manat pul vəsaitinin və 97.89 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 6807.96 manat məbləğində kredit vermişdir. İşdə olan 13 iyul 2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 6807.96 manat vəsaitini nəğd olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətindən almışdır. İşdə olan 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh iddiaçı bankdan götürdüyü krediti və ona hesablanmış faizləri ilə birlikdə ödəniş qrafikində nəzərdə tutulmuş qaydada iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 13 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 mart 2025-ci il tarixə iddiaçı banka 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsinə əsasən 6807.96 manat əsas borcu, 981 manat faiz borcu, cəmi 7788.96 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən göndərilmiş 15 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsinə əsasən cavabdehdən yaranmış 6807.96 manat əsas, 981 manat faiz olmaqla, cəmi 7788.96 manat məbləğində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 6807.96 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh götürdüyü krediti faizləri ilə birlikdə ödəniş qrafikində nəzərdə tutulmuş qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə 11 mart 2025-ci il tarixə iddiaçı banka 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsinə əsasən 6807.96 manat əsas borcu, 981 manat faiz borcu, cəmi 7788.96 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək Cavabdeh 13 iyul 2024-cü il tarixli, RGTK8701244B201 saylı kredit müqaviləsinə əsasən 6807.96 manat əsas borcu, 981 manat faiz borcu, cəmi 7788.96 manat məbləğində kredit borcu alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 06 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 97.89 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 97.89 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 6807.96 (altı min səkkiz yüz yeddi manat doxsan altı qəpik) manat əsas borc, 981 (doqquz yüz səksən bir) manat faiz borcu olmaqla, cəmi 7788.96 (yeddi min yeddi yüz səksən səkkiz manat doxsan altı qəpik) manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97.89 (doxsan yeddi manat səksən doqquz qəpik) manat alınıb İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar