Məhkəmə qərarları › İş №e-2(073)-1461/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1461/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1461/2025 17.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddianın xeyrinə 800 manat əsas borc, 40 manat faiz borcu, 114 manat komissiya və 484 manat cərimə borcu olmaqla, cəmi 1438 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Borclu Cavabdeh iddia tələbinə etiraz edərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(073)-1461/2025 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kredit verilməsi “Manato.az” internet səhifəsi vasitəsi ilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2024-cü il tarixli, **********007 sayı mikrokredit müqaviləsinə əsasən, Cavabdeh sorğusu əsasında cavabdehə 30 gün müddətinə, illik 60,85% ödəmək şərti ilə 800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini də (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin əsas məbləğ üzrə 40 manat, faiz borcu üzrə 114 manat, xidmət haqqına (komissiyaya) görə isə 114 manat borcu yaranmışdır. Borcun ödənilməsi iə əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilsə də, borcunu ödəməkdən yayınmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən 484 manat məbləğində cərimə hesablanmışdır. Sonda iddiaçı təşkilat qeyd edilənlərin nəzərə alınaraq cavabdehlə İddiaçı BOKT MMC arasında bağlanmış 26 fevral 2024-cü il tarixli, **********007 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 800 manat əsas borcu, 40 manat faiz borcu, 114 manat komissiya və 484 manat cərimə borcu olmaqla, cəmi 1438 manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,40 manat alınaraq İddiaçı BOKT MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2024-cü il tarixli, **********007 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh 30 gün müddətinə, illik 60,85 faiz olmaqla 800 manat kredit verilmişdir. İşdə olan 26 fevral 2024-cü il tarixli, 26fc94344668fbc4664e nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT MMC 26 fevral 2024-cü il tarixli, **********007 saylı kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş 800 manat vəsaitini Cavabdeh oglunun hesabına köçürmüşdür. İşdə olan İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05 mart 2025-ci il tarixə İddiaçı BOKT MMC-yə 800 manat əsas borc, 40 faiz borcu, 114 manat komissiya və 484 manat cərimə borcu olmaqla, cəmi 1438 manat məbləğində borcu yaranmışdır. İşdə olan iddiaçı təşkilat tərəfindən cavabdehə ünvanlanmış 27 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı təşkilat cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan 13 mart 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 34,40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, «İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 26 fevral 2024-cü il tarixli, **********007 sayı mikrokredit müqaviləsinə əsasən, Cavabdeh sorğusu əsasında cavabdehə 30 gün müddətinə, illik 60,85% ödəmək şərti ilə 800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini də (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin əsas məbləğ üzrə 40 manat, faiz borcu üzrə 114 manat, xidmət haqqına (komissiyaya) görə isə 114 manat borcu yaranmışdır. Borcun ödənilməsi iə əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıqlar edilsə də, borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 05 mart 2025-ci il tarixə İddiaçı BOKT MMC-yə 800 manat əsas borc, 40 faiz borcu, 114 manat komissiya və 484 manat cərimə borcu olmaqla, cəmi 1438 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı təşkilata borcu yaranmışdır. Məhkəmə, 114 manat komissiya haqqı tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, 26 fevral 2024-cü il tarixli, **********007 saylı kredit müqaviləsində verilmiş kredit məbləği üzrə 116 manat xidmət haqqı nəzərdə tutulmuşdur. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cavabdehdən tələb olunan 484 manat dəbbə pulunun azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 800 manat əsas borc, 40 manat faiz borcu, 114 manat komissiya haqqı və 50 manat cərimə borcu olmaqla, cəmi 1004 manat alınıb İddiaçı BOKT MMC-yə ödənilməli, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,40 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat əsas borc, 40 (qırx) manat faiz borcu, 114 (bir yüz on dörd) manat komissiya haqqı və 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1004 (bir min dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,40 (otuz dörd manat qırx qəpik) manat alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar