Məhkəmə qərarları › İş №e-2(073)-147/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-147/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-147/2024 30.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 526.87 ABŞ dolları əsas borc, 288.24 ABŞ dolları faiz borcu, 1503.61 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1024-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 74.55 ABŞ dolları gecikdirilmiş faiz borcunun olmaqla, cəmi 2393.27 ABŞ dolları kredit borcunun və 60.69 manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Bank Xidmətləri müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən cavabdeh Aqşin Mirzəzadəyə 18 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 400006151-ZM zaminlik müqaviləsi bağlanmış və zamin kreditin qaytarılmasında cavabdehlə birgə məsuliyyət daşımışdır. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Nəticədə borclu Cavabdeh1 iddiaçı banka 526.87 ABŞ dolları əsas borc, 288.24 ABŞ dolları faiz borcu, 1503.61 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1024-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 74.55 ABŞ dolları gecikdirilmiş faiz borcunun olmaqla, cəmi 2393.27 ABŞ dolları kredit borcu yaranmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Buna görə də iddiaçı bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Bank Xidmətləri müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə 18 ay müddətinə, illik 32 faiz ödənilmək şərti ilə Cavabdeh1 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, ********* saylı Bank Xidmətləri müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər hər ay 212.09 ABŞ dolları, sonuncu ay isə 211.87 ABŞ dolları ödəməklə, cəmi 3817.40 ABŞ dolları pulu iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400006151-ZM zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2014-cü il tarixli, ********* saylı Bank Xidmətləri müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın iddiaçı banka 526.87 ABŞ dolları əsas borc, 288.24 ABŞ dolları faiz borcu, 1503.61 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1024-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 74.55 ABŞ dolları gecikdirilmiş faiz borcunun olmaqla, cəmi 2393.27 ABŞ dolları kredit borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzində görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 60.69 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Bank Xidmətləri müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1a 18 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 3200 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin kreditin qaytarılmasında cavabdehlə birgə məsuliyyət daşımışdır. Cavabdeh əvvəllər müəyyən ödənişlər etsə də, sonradan Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış və üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Nəticədə borclu Cavabdeh1 iddiaçı banka 526.87 ABŞ dolları əsas borc, 288.24 ABŞ dolları faiz borcu, 1503.61 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1024-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 74.55 ABŞ dolları gecikdirilmiş faiz borcunun olmaqla, cəmi 2393.27 ABŞ dolları kredit borcu yaranmışdır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışlar. Buna görə də iddiaçı bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Konustitutsiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini MM-in 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, MM-in 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımıncı yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir (§ 71). Borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə qeyd edilənlərə əsasən iddia tələbinin əsas və faiz borcu məbləği ilə bağlı hesab edir ki, müqavilə üzrə öhdəliyin icrasının mümkünsüz edilməməsi, həmçinin qəbul ediləcək nəticə üzrə bərpa edilən hüquqların xəyali deyil, praktiki və səmərəli olmasının təmin edilməsi üçün xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 28 avqust 2018-ci il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) əsas və faiz məbləği məhkəməmühasibatlıq ekspertizasının 26 aprel 2022-ci il tarixli rəyində göstərilən məbləğdə, yəni Cavabdeh1 münasibətdə əsas borc 526.87 ABŞ dolları, faiz borcu 288.24 ABŞ dolları manat həddində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 400006151-Z/M zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2014-cü il tarixli, ********* saylı Bank Xidmətləri müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər üçünə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı banka borcu yaranmışdır. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan cərimə pulunu azalda bilər. Odur ki, məhkəmə iddiaçı bank tərəfindən hesablanmış 1503.61 ABŞ dolları cərimənin azaldılaraq 50 ABŞ dolları müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Məhkəmə eyni zamanda iddianın cavabdeh Aqşin Mirzəzadədən tələb olunan kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1024-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 74.55 manat kredit borcun tutulması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının nümayəndəsi kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1024-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 94,50 manat kredit borcunun kredit müqaviləsinin tələbləri əsasında yaranması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı mülki iş materiallarında hər hansı bir sübut növü məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 526.87 ABŞ dolları əsas borc, 288.24 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 865.11 ABŞ dolları borc alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 60.69 (altmış manat altmış doqquz) manat dövlət rüsumu da müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASCin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 526.87 ABŞ dolları əsas borc, 288.24 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 865.11 ABŞ dolları və 60.69 (altmış manat altmış doqquz) manat dövlət rüsmu alınıb iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar