Məhkəmə qərarları › İş №e-2(073)-1503/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1503/2025

13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1503/2025 13.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qıznın katibliyi ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği əsas borc üzrə 784.69 manat, faiz borcu üzrə 24.39 manat olmaqla cəmi 809.08 (səkkiz yüz doqquz manat səkkiz qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 Bank Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı təşkilat tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan” MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0330 saylı, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 784.69 manat (yeddi yüz səksən dörd manat, altımış doqquz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il ğüzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il guzəşt muddətində hər ay 0.68 manat, dörd il müddətində isə hər ay 16.69 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin Cavabdeh oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata 613.77 manat, faiz borcu üzrə 11.47 manat olmaqla cəmi 625.24 (altı yüz iyirmi beş manat iyirmi dörd qəpik) manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçı təşkilata olan borcunu ödəməkdən imtina etmişdir. İddiaçı təşkilat tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0330 saylı kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh 784.69 manat (yeddi yüz səksən dörd manat, altımış doqquz qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il guzəşt muddətində hər ay 0.68 manat, dörd il müddətində isə hər ay 16.69 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh oğunun xx.xx.2019-cu il tarixli, **********0330 saylı kredit müqaviləsi üzrə iddiaçı təşkilata 784.69 manat əsas borc, faiz borcu üzrə 24.39 manat olmaqla cəmi 809.08 (səkkiz yüz doqquz manat səkkiz qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 784.69 manat əsas borc, faiz borcu üzrə 24.39 manat olmaqla cəmi 809.08 (səkkiz yüz doqquz manat 8 qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı X1-Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar