Məhkəmə qərarları › İş №e-2(073)-1525/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1525/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1525/2024 14.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə X6 arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, İK İK-169874/22 saylı kredit müqaviləsi üzrə X1 Banka olan 2095,67 manat əsas borc, faiz borcu üzrə 96,99 manat, cərimə üzrə 67,29 manat olmaqla, cəmi 2259,95 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,60 manat cavabdehdən (borcalanın vərəsəsi - Cavabdeh) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X6 arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, İK İK-169874/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. X1 02 aprel 2024-cü il tarixinə TuranBank ASC-yə 2095,67 manat əsas, 96,99 manat faiz, 67,29 manat cərimə borcu olmaqla, cəmi 2259,95 manat borcu yaranmışdır. X6 14 iyul 2023-cü ildə vəfat etmişdir. AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən TuranBank ASC-yə daxil olmuş rəsmi məlumata əsasən 05 avqust 2023-cü il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (2V-395 reyestr nömrəli) verilmişdir. Bundan sonra cavabdehə (borcalanın vərəsəsinə) dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş, təşkilat tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə (borcalanın vərəsəsinə) göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, təşkilat iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bank ilə borcalan X6 arasında bağlanmış 04 noyabr 2022ci il tarixli, İK İK-169874/22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən X5 illik 17 faiz dərəcəsi ilə, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank ilə borcalan X6 arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, İK İK-169874/22 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, borcalan X6 04 noyabr 2022-ci il tarixdən 04 noyabr 2024-cü il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 3559,83 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 04 noyabr 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, cavabdeh kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 3000 manat məbləğində krediti 04 noyabr 2022-ci il tarixdə İddiaçı ASC-nin Cəlilabad filialından almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 42,60 manat dövlət rüsumu ödəmişdir. İşdə olan pretenziyadan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh heç bir ödəniş etməmişdir. İşdə olan 14 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 04 noyabr 2022-ci il tarixli, İK İK-169874/22 saylı kredit müqaviləsi üzrə 14 avqust 2024-cü il tarixə 2095,67 manat əsas borcu, 96,99 manat faiz borcu, 67,29 manat cərimə borcu olmaqla, cəmi 2259,95 manat məbləğində borcu yaranmışdır. İşdə olan Masallı Regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 375552 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 iyul 2023-cü il tarixdə kəskin böyrək çatışmamazlığı nəticəsində Cəlilabad şəhərində vəfat etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad filialı ilə X6 arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, İK İK- 169874/22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 17 faiz olmaqla, 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. X1 02 aprel 2024-cü il tarixinə TuranBank ASC-yə 2095,67 manat əsas, 96,99 manat faiz, 67,29 manat cərimə borcu olmaqla, cəmi 2259,95 manat borcu yaranmışdır. X6 14 iyul 2023-cü ildə vəfat etmişdir. AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən TuranBank ASC-yə daxil olmuş rəsmi məlumata əsasən 05 avqust 2023-cü il tarixdə Masallı regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisində Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə (2V-395 reyestr nömrəli) verilmişdir. Bundan sonra cavabdehə (borcalanın vərəsəsinə) dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilmiş, təşkilat tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə (borcalanın vərəsəsinə) göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, təşkilat iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehdən tutulmalıdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ASC ilə cavabdeh X6 arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli, İK İK-169874/22 saylı kredit müqaviləsi üzrə cavabdeh X3 vərəsəsi Cavabdeh 2095,67 manat əsas borc, 96,99 manat faiz borcu, 67,29 manat cərimə borcu olmaqla, cəmi 2259,95 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 42,60 manat dövlət rüsumu da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh X3 vərəsəsi Cavabdeh 2095,67 (iki min doxsan beş manat altımış yeddi qəpik) manat əsas, 96,99 (doxsan altı manat doxsan doqquz qəpik) manat faiz borcu, 67,29 (altımış yeddi manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 2259,95 (iki min iki yüz əlli doqquz manat doxsan beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42,60 (qırx iki manat altımış qəpik) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar