Məhkəmə qərarları › İş №e-2(073)-1575/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1575/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1575/2024 13.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında 13 iyun 2024-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh xx.xx.2019-cu il tarixli ***- *******NK240519-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 404,52 (dörd yüz dörd manat əlli iki qəpik) manat əsas borcun və 58,26 (əlli səkkiz manat iyirmi altı qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca görə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 27 may 2019-cu il tarixli ***-*******NK240519-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 14 fevral 2024-cü il tarixli **********556 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. xx.xx.2022-ci il tarixdə isə banka 10 (on) manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışdır. Bu səbəbdən də Cavabdeh 27 may 2019-cu il tarixli, ***- *******NK240519-01 nömrəli kredit müqaviləsi üzrə 8 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 462,78 (dörd yüz altmış iki manat yetmiş səkkiz qəpik) manat borcu vardır. Bundan 404,52 (dörd yüz dörd manat əlli iki qəpik) manat əsas borc və 58,26 (əlli səkkiz manat iyirmi altı qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə (Ləğv prosesindədir) Cavabdeh arasında bağlanmış 27 may 2019-cu il tarixli ***-*******NK240519-01 nömrəli kredit müqavilədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 24 ay müddətinə illik 23% ödəmək şərtilə 2000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 may 2024-cü il tarixə İddiaçı ASC-yə 404,52 manat əsas, 58,26 manat faiz, cəmi 462,78 manat borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı təşkilata olan borc cavabdehdən alınaraq iddiaçı bank olmayan kredit təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli ***-*******NK240519-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş 404,52 (dörd yüz dörd manat əlli iki qəpik) manat əsas borcun və 58,26 (əlli səkkiz manat iyirmi altı qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca görə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar