Məhkəmə qərarları › İş №e-2(073)-161/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-161/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-161/2024 10.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-in xeyrinə 5340.1 manat əsas borc, 561.42 manat faiz borcu, 121.37 manat cərimə, cəmi 6022.89 (altı min iyirmi iki manat səksən doqquz qəpik) manat borcun və 80.23 (səksən manat iyirmi üç qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasına və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia bank tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 48 ay müddətinə aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 6600 (altı min altı yüz) manat kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2026-cıilədək hissə-hissə olmaqla aldığı krediti ona hesablanmış faizləri iddiaçı Banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1259.9 manat ödəmiş, iddiaçıya 5340.1 manat borcu qalmışdır. Nəticədə cavabdehin iddiaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmyaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bank qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh 48 ay müddətinə aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 6600 (altı min altı yüz) manat kredit verilmişdir. İşdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2026-cı ilədək hissə-hissə olmaqla aldığı krediti ona hesablanmış faizləri iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 5340.1 manat əsas borcu, 561.42 manat faiz borcu və 121.37 manat cərimə borcu olmaqla, ümumilikdə 6022.89 (altı min iyirmi iki manat səksən doqquz qəpik) manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 48 ay müddətinə aylıq faiz dərəcəsi 2.3333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərtilə 6600 (altı min altı yüz) manat kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2022-ci ildən xx.xx.2026-cıilədək hissə-hissə olmaqla aldığı krediti ona hesablanmış faizləri iddiaçı Banka ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 1259.9 manat ödəmiş, iddiaçıya 5340.1 manat borcu qalmışdır. Nəticədə cavabdehin iddiaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmyaraq cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun iddiaçı banka borcu yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5340.1 manat əsas borc, 561.42 manat faiz borcu, 121.37 manat cərimə, cəmi 6022.89 (altı min iyirmi iki manat səksən doqquz qəpik) manat borc və 80.23 (səksən manat iyirmi üç qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar