Məhkəmə qərarları › İş №e-2(073)-1711/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1711/2024

05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1711/2024 05.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında 05 iyul 2024cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh 485,87 (dörd yüz səksən beş manat səksən yeddi qəpik) manat əsas, 77,27 (yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat faiz, 23,05 (iyirmi üç manat beş qəpik) manat cərimə, cəmi 586,19 (beş yüz səksən altı manat on doqquz qəpik) manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul vəsaitinin iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsində göstərilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Ümumi ofertanın 16.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2022-ci il tarixində xx.xx.2025-ci il tarixədək illik 29% olmaqla istehlak məqsədləri üçün 900 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə 485,87 AZN əsas, 77,27 AZN faiz, 23,05 AZN cərimə, cəmi 586,19 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, "xxxx" KB ASC Cavabdeh xx.xx.2025-ci il tarixədək illik 29% olmaqla istehlak məqsədləri üçün 900 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarında olan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30 may 2024-cü il tarixə "xxxx" KB Açıq Səhmdar Cəmiyyətə 485,87 (dörd yüz səksən beş manat səksən yeddi qəpik) manat əsas, 77,27 (yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat faiz, 23,05 (iyirmi üç manat beş qəpik) manat cərimə, cəmi 586,19 (beş yüz səksən altı manat on doqquz qəpik) manat borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı Unibank” KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə iddiaçı tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı təşkilata olan borc cavabdehdən alınaraq iddiaçı bank olmayan kredit təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 485,87 (dörd yüz səksən beş manat səksən yeddi qəpik) manat əsas, 77,27 (yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat faiz, 23,05 (iyirmi üç manat beş qəpik) manat cərimə olmaqla, cəmi 586,19 (beş yüz səksən altı manat on doqquz qəpik) manat borc, 0.40 (qırx qəpik) manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədr: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar