Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-176/2024 20.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 5407,55 manat əsas borcu, 407,94 manat faiz borcu, 1181,51 manat cərimə borcu olmaqla, cəmi 6997 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89,97 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Cəlilabad filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 5407,55 manat əsas borc, faiz borcu üzrə 1462,61 manat, cərimə üzrə 1181,51 manat olmaqla, cəmi 6997 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 128,72 manat cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsinə əsasən illik 18,7 faiz dərəcəsi ilə, 36 ay müddətinə 7200 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 9462 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Vüsal Əsgərov kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin əməl etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Nəticədə Cavabdeh1 07 mart 2023-cü il tarixə İddiaçı ASC-yə 5407,55 manat əsas borcu, 407,94 manat faiz borcu, 1181,51 manat cərimə borcu olmaqla, cəmi 6997 manat borcu təşkil edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK- 3632/F-22 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 18,7 faiz dərəcəsi ilə, 36 ay müddətinə 7200 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 9462 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini tam icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan 28 mart 2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 kredit müqaviləsində verilməsi nəzərdə tutulmuş 7200 manat məbləğində krediti 28 mart 2022-ci il tarixdə İddiaçı ASC-nin Xaçmaz filialından almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 78.15 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 11.82 manat dövlət rüsumu ödəmişdir. İşdə olan pretenziyadan görünür ki, cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdehlər heç bir ödəniş etməmişlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsinə əsasən illik 18,7 faiz dərəcəsi ilə, 36 ay müddətinə 7200 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı bankla Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlə razılaşdırılmış ödəniş cədvəli tərtib edilmiş və cavabdeh tanış olduqdan sonra həmin cədvəli imzalamışdır. Ödəniş cədvəlinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər hər ay ödənişləri ödəniş qrafikində nəzərdə tutulmuş qaydada ödəməklə, cəmi 9462 manat vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Vüsal Əsgərov kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin əməl etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Nəticədə Cavabdeh1 12 sentyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 5407,55 manat əsas borcu, 407,94 manat faiz borcu, 1181,51 manat cərimə borcu olmaqla, cəmi 6997 manat borcu təşkil edir. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsindən imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış kredit müqaviləsi ləğv edilməli, yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehlərdən tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borc yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cavabdehlərdən tələb olunan 1181,51 manat dəbbə pulunun azaldılaraq 200 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istintad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsi üzrə 5407,55 manat əsas borcu, 407,94 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 6015,49 manat borc müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 89,97 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, İK-3632/F-22 saylı kredit müqaviləsi üzrə 5407,55 (beş min dörd yüz yeddi manat əlli beş qəpik) manat əsas, 407,94 (dörd yüz yeddi manat doxsan dörd qəpik) manat faiz borcu, 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 6015,49 (altı min on beş manat qırx doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89,97 (səksən doqquz manat doxsan yeddi qəpik) manat müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-176/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-176/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver