Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1963/2025 06.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı “kreditin, faizlərin və cərimələrin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına və Cavabdeh3 qarşı kreditin, faizlərin və cərimələrin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "Bank Respublika xeyrinə 16460,13 manat əsas borc, 3073,07 manat faiz borcu və 221,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat məbləğin və iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 149.26 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövtəl rüsumu kimi ödənilmiş 15 manat, xidmət haqqı kimi ödənilmiş 36 manat olmaqla, cəmi 19754,96 manat və 200.26 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satışdan əldə olunan 19754,96 manat və 200.26 manat pulun "Bank Respublika” ASC-yə ödənilməsi, evin hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, İddiaçı ASC ilə bağlanılan xx.xx.2022-ci il tarixli 33120***- *******0İL №-li kredit müqaviləsinə əsasən X8 luna 120 ay müddətinə illik 30 %-dən çox olmamaq şərtilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli 33120***-*******0İL saylı kredit müqaviləsi çərçivəsində xx.xx.2023-cü il tarixli razılaşma imzalanaraq X4 24 ay müddətinə illik 20 % haqq ödəmək şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2022-ci il tarixli 22033-1-1331697-1 №-li ipoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ xx.xx.2022-ci ildə AR ƏMDK yanında DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli FİZAM119486201 saylı zaminlik müqaviləsi bağlanmış və o kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra edilməmişdir. X1 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. (Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 425 saylı akt qeydinə əsasən ölümün qeydiyyatı aparılmışdır). Cəlilabad rayon İH-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, mərhum X3 anası Cavabdeh1, arvadı Cavabdeh3 və yetkinlik yaşına çatmayan övladları X6 ilə X7 onunla birgə yaşayan ailə üzvləridir. X3 xx.xx.2025-ci il tarixə Banka olan borcunun məbbği: 16460,13 manat əsas borc. 3073,07 manat faiz borcu və 22 1,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat təşkil edir. Bank tərəfindən cavabdehlərə yazılı şəkildə bildiriş göndərilmiş, lakin cavabdehlər tərəfindən bildirişə münasibət bildirilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş borclu Cavabdeh2 göstərmişdir ki, zamindir, müqavilə bağlanan zaman iştirak etmişdir. Mərhum borclu onun bacısı oğludur. Rəhmətə gedənə qədər hər hansı ödəniş problemi olmamışdır. Qan xərçəngindən rəhmətə gedib. Bacısı, Cavabdeh1 də xərçəng xəstəliyindən əziyyət çəkir. Borcu ödəməkləri üçün maddi imkanları yoxdur. Özü də (cavabdeh-zamin) heç yerdə işləmir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 digər cavabdehlə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, habelə məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsi razılaşmasından görünür ki, bank tərəfindən X4 120 ay müddətinə illik 30 %-dən çox olmamaq şərtilə 300000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan iddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, bank tərəfindən X4 24 ay müddətinə illik 20 % olmaqla şərti ilə 28000 manat məbləğində kredit verilmişdir. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli FİZAM119486201 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bağlanmış xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsi razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan iddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22033-1- 1331697-1 №-li ipoteka müqaviləsindən görünür ki, X3 mülkiyyətində olan ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilədən görünür ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 21000 (iyirmi bir min) manat məbləğində müəyyənləşdirilmişdir. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, iddiaçı Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Alar kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 məxsus ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m-lik fərdi yaşayış evində ailə üzvləri anası Cavabdeh1, həyat yoldaşı Cavabdeh3 X6 və oğlu X7 yaşayırlar. İşdə olan iddiaçı Bank tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı Bank tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Bildirişdən görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş ƏMDX DƏDKR X12 8 saylı Cəlilabad Ərazi İdarəsində qeydiyyata alınmışdır. İşdə olan borcun hesablanması haqqında arayışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka olan borcunun məbbği: 16460,13 manat əsas borc. 3073,07 manat faiz borcu və 22 1,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat təşkil edir. İşdə olan qəbzdən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 149.26 manat dövlət rüsumu ödəmişdir. İşdə olan çıxarışdan görünür ki, iddiaçı Bank ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu ödəmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı Bank ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 36 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İşdə olan Cəlilabad rayon İHB-nın Alar kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X4 məxsus ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m-lik fərdi yaşayış evində ailə üzvləri anası Cavabdeh1, həyat yoldaşı Cavabdeh3, X6 və oğlu X7 yaşayırlar. Yəni borcludan (miras qoyandan) miras qalmış ipoteka predmetini təşkil edən əmlakı faktiki olaraq qəbul etmişlər və həmin evdə yaşayırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.5-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 X1ndan miras qalmış əmlakı faktiki qəbul etmiş (qeyri-formal üsulla) İ dərəcəli varisləri olmaqla onun (borclunun) müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduqları ödənişləri icra etməmişdirlər. Buna görə də yaranmış kredit və ona hesablanmış faiz borcları onlardan tutulmalıdır. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər birinə qarşı eyni zamanda hazırki iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli FİZAM119486201 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bağlanmış xx.xx.2022-ci il tarixli 33120***-*******0İL №-li kredit müqaviləsi razılaşması üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun müddəti göstərilməmiş, zaminliyin müddəti əsas öhdəliyin icrası müddəti ilə şərtləndirilmişdir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsini araşdıraraq hesab edir ki, İddiaçı ASC-in kredit müqaviləsi üzrə 221.76 manat cərimə borcunun cavabdehlərdən tutulması tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka predmeintə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan iddiaçı bankla X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22033-1- 1331697-1 №-li ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetinin (ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi, 77.8 kv m yaşayış, 32.2 kv.m köməkçi sahədən ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinin) qiyməti 21000 (iyirmi bir min) manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə ipoteka predmetinin qiymətinə münasibətdə hesab edir ki, yuxarıda qeyd olunan ipoteka müqaviləsində göstərilmiş 21000 (iyirmi bir min) manat qiymət ilkin satış qiyməti olaraq hazırki bazar qiymətlərinə uyğun olmaqla həm iddiaçının, həm də cavabdehlərin mənafelərinə uyğundur. Həmin qiymət məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 16460,13 manat əsas borc, 3073,07 manat faiz borcu və 221,76 manat cərimə olmaqla, cəmi 19754,96 manat borc, 149.26 manat hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq iddiaçı "Bank Respublika” ASC-nə ödənilsin. Borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan ünvan 2i ünvanında 0.28 ha torpaq sahəsi və üzərində yerləşən 110 kv.m ümumi sahədən (77.8 kv.m yaşayış, 32.2 kv.m köməkçi sahə) ibarət 4 otaqlı 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilsin və həmin ev açıq hərracda satılsın. Satışdan əldə olunan pul cəmi 19754,96 manat borcun, 149.26 manat hazırkı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulsun. İpoteka predmetinin ilkin satış qiyməti 21000 (iyirmi bir min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-1963/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1963/2025
06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver