Məhkəmə qərarları › İş №e-2(073)-1968/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-1968/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-1968/2025 13.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 378180-CNS-48999 nömrəli “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına” əsasən 11658.14 manat məbləğində əsas borc, 797.66 manat məbləğində faiz borcu, 544.30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13000.10 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 129 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini və işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli 378180-CNS-48999 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə- Razılaşması” bağlanılmış və illik 18.01% (faiz) hesablanmaq şərti ilə 48 ay müddətinə 13996 manat məbləğində kredit (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliyini (Bank Xidmətlərinin göstərilməsi haqqındamüqavilənin ümumi şərtlərinin 11.1.3-cü bəndinə əsasən) lazımınca icra etməmiş və bunun nəticəsində Banka, ümumilikdə 13996 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən borcluya dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli 378180-CNS-48999 saylı “Nağd pul Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizə-Razılaşması”na əsasən, iddiaçı bank tərəfindən Cavabdeh illik 18.01% (faiz) hesablanmaq şərti ilə 48 ay müddətinə 13996 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11658.14 manat əsas, 797.66 manat faiz, 544.3 manat cərimə olmaqla, cəmi 13000.1 (on üç min manat on qəpik) manat borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı bank tərəfindən cavabdehdən xx.xx.2023-ci il tarixli 378180-CNS-48999 saylı müqavilə üzrə borcun 3 iş günü müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı bank məhkəmədə iddia qaldırılması üçün 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc və faiz hissəsində əsaslı olduğundan təmin edilərək, cavabdehdən 11658.14 manat əsas borc və 797.66 manat faiz borcu alınaraq iddiaçı bankın xeyrinə ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimə borcu hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 129 (bir yüz iyirmi doqquz) manat dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11658.14 əsas borc, 797.66 manat faiz borcu, 100,0 manat cərimə borcu olmaqla, cəmi 12555.8 (on iki min beş yüz əlli beş manat səksən qəpik) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 129 (bir yüz iyirmi doqquz) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar