Məhkəmə qərarları › İş №e-2(073)-199/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-199/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-199/2024 29.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, X3 kAtibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, Açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4914,65 manat əsas kredit borcu, 424,78 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 14,16 manat cərimə borcu olmaqla, cəmi 5353,59 manat məbləğində borcun və 77,54 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında baş tutmuş 17 noyabr 2022-ci il tarixli, 33171***-*******02L əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 23 oktyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 4914,65 manat əsas kredit borcu, 424,78 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 14,16 manat cərimə borcu olmaqla, cəmi 5353,59 manat borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir. Buna görə də iddiaçı Bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı Bankla Cavabdeh arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, 33171***-*******02L əsas kredit limiti razılaşmasından görünür ki, iddiaçı Bank cavabdehə 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı Bank tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 23 oktyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 4914,65 manat əsas kredit borcu, 424,78 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 14,16 manat cərimə borcu olmaqla, cəmi 5353,59 manat borcu yaranmışdır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış bildirişlərdən görünür ki, Bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Bank hazırkı iddianın verilməsi ilə əlaqədar 77,54 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, 17 noyabr 2022-ci il tarixli, 33171***-*******02L əsas kredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 23 oktyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 4914,65 manat əsas kredit borcu, 424,78 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 14,16 manat cərimə borcu olmaqla, cəmi 5353,59 manat borcu yaranmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmAqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış əsas kredit borcu və ona hesablanmış faiz cavabdehdən tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdeh əsas kredit limiti razılaşması üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı Banka hazırkı borc yaranmışdır. Məhkəmə, həmçinin iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 17 noyabr 2022-ci il tarixli, 33171***-*******02L saylı əsas kredit limiti razılaşması üzrə Cavabdeh 4914,65 manat əsas kredit borcu, 424,78 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 14,16 manat cərimə borcu olmaqla, cəmi 5353,59 manat borc alınıb İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 77,54 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4914,65 (dörd min doqquz yüz on dörd manat altmış beş qəpik) manat əsas borcu, 424,78 (dörd yüz iyirmi dörd manat yetmiş səkkiz qəpik) manat faiz borcu, 14,16 (on dörd manat on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 5353,59 (beş min üç yüz əlli üç manat əlli doqquz qəpik) manat borc və 77,54 (yetmiş yeddi manat əlli dörd) manat dövlət rüsumu alınıb İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar