Məhkəmə qərarları › İş №e-2(073)-2174/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2174/2024

30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2174/2024 30.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 865.3 manat əsas borc, 171.69 manat faiz borcu, 35.04 manat cərimə borcunun, cəmi 1072.03 (bir min yetmiş iki manat üç qəpik) manat borcun, 0.40 (qırx) manat xidmət haqqı 30.73 (otuz manat yetmiş üç qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində xx.xx.2022-ci il tarixli ərizə-anketi imzalamaqla xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmiş, xx.xx.2022-ci ildə xx.xx.2025-ci ilədək illik 27.5% olmaqla 1200 manat məbləğində kredit xətti açılmış, həmin məbləğ iddiaçı tərəfindən cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmişdir. İşdə olan çıxarışdan görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci ildə xx.xx.2025-ci ilədək illik 27.5% olmaqla 1200 manat məbləğində kredit xətti açılmış, həmin məbləğ iddiaçı tərəfindən cavabdehin ödəniş kartına köçürülmüşdür. İşdə olan arayışdan görünür ki, Cavabdeh iddiaçı banka 865.3 manat əsas borc, 171.69 manat faiz borcu, 35.04 manat cərimə borcunun, cəmi 1072.03 (bir min yetmiş iki manat üç qəpik) manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixə 865.30 manat əsas borc, 106.70 manat faiz borcu, 12.41 manat cərimə borcu olmaqla cəmi 984.41 (doqquz yüz səksən dörd manat qırx bir qəpik) manat borcunun yarandığını, bütün borc məbləğini 3 iş günü müddətində ödəməyi və kredit müqaviləsini 3 iş günü ərzində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 30.73 (otuz manat yetmiş üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müavilə tərəfinə bildiriş ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilməlidir. Bununla da müqavilənin ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin icrasının tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni, müvafiq bildirişdə göstərilən həddə icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 865.30 manat əsas borc, 106.70 manat faiz borcu, 12.41 manat cərimə borcu olmaqla cəmi 984.41 (doqquz yüz səkzən dörd manat qırx bir qəpik) manat borc, 30.73 (otuz manat yetmiş üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar