Məhkəmə qərarları › İş №e-2(073)-2214/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2214/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2214/2025 19.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 15184,67 manat əsas, 1371,91 manat faiz, 2,22 AZN cərimə, cəmi 16558,80 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 139.68 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, illik 19,50 % olmaqla istehlak məqsədləri üçün 15500 manat nağd kredit (komissiya 315 manat, aylıq ödəniş hər ayın 3ü 407 manat) məbləği iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 5839nkLKNb/23). Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən “Müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 hazırda maddi imkanları olmadığı üçün borcu ödəyə bilmədiklərini bildirmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Belə ki, iş materiallarında olan Ərizə-anket və imza nümunəsindən görünür ki, xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinə əsasən «X1» ASC tərəfindən Cavabdeh illik 19,50 % olmaqla 15500 manat nağd kredit (komissiya 315 manat, aylıq ödəniş hər ayın 3-ü tarixdə 407 manat) məbləği iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 5839nkLKNb/23). İş materiallarında olan bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 15184,68 manat əsas, 1032,86 manat faiz, 31,81 manat cərimə olmaqla 16249,34 manat borcunun olması və 3 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh əsas borcu 15.184,67 manat, faiz borcu 1371,91 manat, cərimə borcu 2,22 manat olmaqla, cəmi borcu 16.558,80 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 139,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2024-cü il tarixli, 5839nkLKNb/23 nömrəli müqaviləsinə əsasən cavabdehin 15184,67 manat əsas, 1371,91 manat faiz, 2,22 AZN cərimə borcu olmaqla, cəmi 16.558,80 manat borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən cavabdehə illik 19.50 faiz olmaqla istehlak məqsədləri üçün 15.500 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən borcluya göndərilmiş 07 may 2025-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehdən əsas borca görə 15184,68 manat, faiz borcuna görə 1032,86 manat, cərimə borcuna görə 31,81 manat olmaqla, cəmi 16.249,34 manat borcunun ödənilməsi tələb edilmiş və kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi bildirilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 1371,91 manat pulun tutulması hissəsində qismən təmin edilməli, bildirişdə göstərilmiş məbləğdə, yəni 1032,86 manat hissədə təmin edilərək borcludan tutulmalı, qalan hissədə isə təmin edilməməlidir. Cərimə borcu ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə, yəni 2,22 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borca görə 15184,67 manat, faiz borcuna görə 1032,86 manat, cərimə borcuna görə 2,22 manat olmaqla, cəmi 16.251,56 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 138,68 manat dövlət rüsumu və bank xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borca görə 15.184,67 manat, faiz borcuna görə 1032,86 manat, cərimə borcuna görə 2,22 manat olmaqla, cəmi 16251,56 (on altı min iki yüz əlli bir manat, əlli altı qəpik) manat məbləğində pul və və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 138,68 (yüz otuz səkkiz manat altmış səkkiz qəpik) dövlət rüsumu və bank xidmət haqqına görə 0,40 (qırx) manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar