Məhkəmə qərarları › İş №e-2(073)-2247/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2247/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2247/2025 11.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X1, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı “FİNCA Azerbayjan” MM QBKT-nin Cavabdeh qarşı 1531 manat əsas borcu, 44.50 manat faiz borcu olmaqla, cəmi 1575.50 manat borcun və 35.76 manat dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbayjan” MM QBKT-nin Cavabdeh 1531 manat əsas borcu, 44.50 manat faiz borcu olmaqla, cəmi 1575.50 manat borcun və 35.76 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, “FİNCA Azerbayjan” MM QBKT-nin Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, **********0852 saylı kredit müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 565 manat qalıq məbləğin 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlimişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 (bir) il güzəşt müddətinə hər ay 1.32 manat, 4 (dörd) il müddətinə isə hər ay 32.56 olmaqla bərabər hissələrində ödəniş etməsi razılaşdırılmışdır. Beləliklə də 1531 manat əsas borcu, 44.50 manat faiz borcu olmaqla, cəmi 1575.50 manat borcun və 35.76 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh illik 1 faiz olmaqla 5 (beş) il müddətinə 1531 manat məbləğində kredit müqaviləsi imzalanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli “ASAN ödəniş” sistemindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 35.76 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı təşkilata 1531 manat əsas borcu və 44.50 manat faiz vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.76 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1531 manat əsas borcu, 44.50 manat faiz borcu olmaqla, cəmi 1575.50 manat borcun və 35.76 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “FİNCA Azerbayjan” MM QBKT-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar