Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-225/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8340.65 manat məbləğində əsas borcun, 1662.96 manat məbləğində faiz borcunun, 212.43 manat məbləğində cərimə, cəmi 10216.04 manat borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə iddianın həcmini artıraraq cavabdehdən 8340,65 manat əsas borc, 2068.04 manat faiz borcu, 212.43 manat cərimə borcu, cəmi 10621.12 manat pulun və 122 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini bildirmiş və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə qaytarılmaq şərti ilə, illik 23% olmaqla 9250 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Qeyd olunanların nəzəər alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, iddiaçı məhkəmədə ona qarşı borcun qaytarılması üzrə iddia qaldırmışdır. Həmin iddia tələbinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiada göstərdiyi 8340,65 manat məbləğində əsas borc, 1662,96 manat məbləğində faiz borcu, 212,43 manat məbləğində cərimə borcu, cəmi 10216,04 manat borc əsassızdır və onun (cavabdehin) hesablamalarına uyğun gəlməmişdir. Bu səbəbdən iddiaçının hesablamalarına şübhə yaranmışdır. Bundan əlavə olaraq isə o (cavabdeh), borcu 90 gün ərzində gecikməni etdiyi müddət ərzində məhkəməyə müraciət olunmalıdır. Məhz bu səbəbləri nəzərər alaraq onun göstərdiyi məbləğlər etibarsızdır. Səhhətində yaranan problem və himayəsində olan azyaşlı övladına görə məhkəmə prosesində iştirak edə bilmir. Yuxarıdakıları nəzərə alaraq və Mülki Prosessual Məcəlləsinin 47, 62, 76, 78, 86, 95, 97-ci maddələrinə əsasən xahiş etmişdir ki, vəsatəti təmin edilsin, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilsin və ekspertin qarşısında aşağıdakı suallar qoyulsun:
1. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc məbləğin köçürülmüş pul vəsaitlərin köçürülmə tarixini nəzərə alaraq, əsas borcun məbləği iddiaçının iddia verdiyi tarixədək nə qədərdir?
2. Borc məbləğin köçürmə tarixini və əsas borcun ödəniş nəticəsində azalmasını nəzərə alaraq iddiaçının iddia verdiyi tarixədək əsas borcun üstünə gələn faiz məbləği nə qədərdir? Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə, ekspert rəyi də daxil olmaqla iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli CP/80617/91/14 saylı kredit sazişindən, ödəniş cədvəlindən və iddiaçı tərəfindən icra edilmiş ödəniş tapşırıqlarından görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə və illik faiz dərəcəsi 23 olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 9.250,00 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il taixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8340.65 manat məbləğində əsas borcu, 1662.96 manat məbləğində faiz borcu, 212.43 manat məbləğində cərimə borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il taixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8340.65 manat məbləğində əsas borcu, 2068.04 manat məbləğində faiz borcu, 212.43 manat məbləğində cərimə borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 8340.65 manat məbləğində əsas borcu, 1662.96 manat məbləğində faiz borcu, 212.43 manat məbləğində cərimə borcunun yarandığını, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirmiş borcun dərhal ödənilməsini tələb etmiş, əks təqdirdə borcdan əlavə məhkəmə və icra xərclərinin də qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddaçı Bank hazırkı ərizənin verilməsi ilə əlaqədar 122 (bir yüz iyirmi iki) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/846 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 24 may 2023-cü il tarixli CP/80617/91/14 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh X1 İddiaçı ASC-yə olan borcu 10.191,57 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 8337,80 manat; faiz borcu üzrə 1.853,77 manat. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə cavabdeh X2 arasında bağlanmış 24 may 2023-cü il tarixli CP/80617/91/14 saylı kredit sazişinə əsasən bank Borcluya 48 ay müddətinə qaytarılmaq şərti ilə illik faiz dərəcəsi 23 % olmaqla 9.250,00 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə kredit müqaviləsi üzrə iddiaçı Banka hazırkı borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən boyun qaçırmışdır. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Öhdəlikdə tərəf kimi mülki hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın faiz borcu və cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 8340.65 manat məbləğində əsas borcu, 2068.04 manat məbləğində faiz borcu, 212.43 manat məbləğində cərimə borcunun yarandığını, müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyini bildirmiş, bütün borc məbləğini dərhal ödəməyi tələb etmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqeni rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin bildirişdə göstərilən məbləği tələb edə bilər. Belə ki, həmin bildirişlə iddiaçı müqaviləni ləğv etməsi barədə iradə ifadəsini cavabdehə bildirmiş və müqavilə həmin tarixdən ləğv edilmişdir. Ləğv edilmiş müqavilə üzrə əlavə faiz və ya cərimə borcunun tələb edilməsi isə yolverilməzdir. Borcun məbləğinin əsassız olaraq iddiaçı tərəfindən şişirdilməsi ilə bağlı cavabdehin etirazını isə məhkəmə əsaslı hesab etmir. Cavabdehin özünün vəsatəti ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi də cavabdehin iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə borcunun olduğunu bir daha təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, hazırki iş üzrə ödənilmiş dövlət rüsumunun 120.65 manatı cavabdehə aid edilməlidir, habelə cavabdehdən 100 manat pul alınaraq ekspertizanı icra etmiş orqanın hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 8340,65 manat əsas borc, 1662.96 manat faiz borcu və 212.43 manat cərimə olmaqla cəmi 10216.04 (on min iki yüz on altı manat 04 qəpik) manat borc və 120.65 (bir yüz iyirmi manat 65 qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci kimi 100 (bir yüz) manat pul Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Osman Vəliyev