Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2254/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı QSC-nin xeyrinə 15897.67 manat əsas borc, 1406.59 manat faiz borcu, 300.72 manat cərimə, cəmi 17604.98 (on yeddi min altı yüz dörd manat doxsan səkkiz qəpik) manat borcun və 142.82 (bir yüz qırx iki manat səksən iki qəpik) manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19000 (on doqquz min) manat məbləğində kredit verilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3102.33 manat ödəniş etmiş və onun iddiaçıya 15897.67 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 136 gün üçün hesablanmış faiz borcu 1406.59 manat təşkil edir. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 501-ci maddələrinə istinad edərək, iddianın təmin elməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı Bankın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan İddiaçı QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-ci il tarixli kredit sifarişi ərizəsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh illik 28% olmaqla 48 ay müddətinə 19000 (on doqquz min) manat məbləğində kredit verilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə iddiaçı banka 15897.67 manat əsas borc, 1406.59 manat faiz borcu, 300.72 manat cərimə, cəmi 17604.98 (on yeddi min altı yüz dörd manat doxsan səkkiz qəpik) manat borcu vardır. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqdan görünür ki, iddiaçı Bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, hazrkı iddianın verilməsi ilə əlaqədar iddiaçı Bank tərəfindən 142.82 (bir yüz qırx iki manat səksən iki qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-ci il tarixdə bağladığı ərizəyə - müqaviləyə əsasən, illik 20 faiz olmaqla 48 ay müddətinə 19000 (on doqquz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən ödənilməsi planlaşdırılmış aylıq kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Nəticədə cavabdehin iddiaçı Banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri müqavilə üzrə öhdəliyin icra edilməməsi və müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, əsas borc və faiz borcunu ödəmək iqtidarında olmadığı halda cavabdehdən əlavə olaraq 300.72 manat cərimə məbləğinin tələb olunması cavabdehin mənafeyinə uyğun hesab edilə bilməz, lakin bununla yanaşı məhkəmə iddiaçının da mənafeyini nəzərə alır və hesab edir ki, cərimə məbləğinin 50 manat həddində müəyyən edilməsi hər iki tərəfin mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15897.67 manat əsas borc, 1406.59 manat faiz borcu, 50 manat cərimə, cəmi 17354.26 (on yeddi min üç yüz əlli dörd manat 26 qəpik) manat borc və 142.82 (bir yüz qırx iki manat 82 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-2254/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2254/2024
21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver