Məhkəmə qərarları › İş №e-2(073)-2267/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2267/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2267/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan (LPO) İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1002.77 (bir min iki dollar yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 398,56 (üç yüz doxsan səkkiz dollar, əlli altı sent) ABŞ dolları faiz, 1.962,08 (bir min doqquz yüz altmış iki dollar səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 145.18 (bir yüz qırx beş dollar on səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 3.508,59 (üç min beş yüz səkkiz dollar əlli doqquz sent) ABŞ dolları və iş üzrə ödənilmiş 79.65 (yetmiş doqquz manat altmış beş qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış 389-14–USD nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 12 ay müddətinə illik 36 % dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə Cavabdeh1 vergi ödəyicisi kimi axtarılmış, lakin həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1 kredit verilərkən X1 ilə Bank arasında ZM-389-14 USD nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit Müqaviləsi üzrə bağlanmış 01 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 3.547.82 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Zaminlik Müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmışdır. Zamin bu Əlavə Sazişi imzalamaqla 183309 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddianı etiraf edərək bildirmişdir ki, Cavabdeh1 onun oğludur. Hazırda oğlu ağır xəstədir, müalicəsi üçün dövri olaraq xeyli vəsait xərclənir, hazırda özü də (cavabdeh) işləmir. Ailədə yeganə qazanc gətirən şəxs odur (nümayəndə). Qeyd olunanların nəzərə alınaraq ona güzəşt edilməsini və pulu hissə-hissə ödəmək üçün şəraitin yaradılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 389-14–USD nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 36% dərəcəsi ilə olmaqla 3800 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 nömrəli, xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 3.547.82 ABŞ dolları borc restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İşdə olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, Cavabdeh2 183309 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 183309 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1002.77 (bir min iki dollar yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 398,56 (üç yüz doxsan səkkiz dollar əlli altı sent) ABŞ dolları faiz borcu, 1.962,08 (bir min doqquz yüz altmış iki dollar səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 145.18 (bir yüz qırx beş dollar on səkkiz sent) ABŞ dolları faiz borcu, cəmi 3.508,59 (üç min beş yüz səkkiz dollar əlli doqquz sent) ABŞ dolları borcu vardır. İşdə olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdarlıq edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı hazırkı iddianın verilməsi ilə əlaqədar 79.65 (yetmiş doqquz manat altmış beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehə 12 ay müddətinə illik 36% dərəcəsi ilə 3.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən onunla Bank arasında ZM-389-14 USD nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli Əlavə Saziş bağlanmış, kredit öhdəliyinin qalığı restrukturizasiya edilmiş, kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərini pozmuş, yaranmış borcun ödənilməsi haqqında cavabdehlərə şifahi və yazılı xəbərdarlıqlar edilsə də borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri müqavilə üzrə öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdeh olan Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İşdə olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən və əlavə sazişdən müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə öhdəlik götürmüşdür. Məhkəmə iddianın cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla borcluları əlverişsiz vəziyyətə salır. Borclular əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədikləri halda əlavə olaraq onlara qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yolverilməzdir. Həmçinin o da nəzərə alınmalıdır ki, borcun götürüldüyü vaxtdan sonra ciddi məzənnə dəyişiklikləri baş vermişdir, ona görə də həmçinin bu səbəbdən cavabdehlərin əsas borc məbləğindən təxminən 2 dəfə çox olan cərimə məbləğini ödəməsi ağlabatan deyildir. Bununla belə məhkəmə hesab edir ki, kreditiorun da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə cərimənin azaldılaraq 50 ABŞ dolları həddində müəyyən edilməsini həm kreditorun, həm də borcluların mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia kredit müqaviləsinin müddəti bitikdən sonra hesablanmış məbləğ tələbinə dair hissədə də əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 47.14 manat hissəsi cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1002.77 ABŞ dolları əsas borc, 398.56 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 145.18 ABŞ dolları faiz borcu, ümumilikdə 1596.51 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla Azərbaycan manatına olan qarşılığı və 47.14 (qırx yeddi manat 14 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar