Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2429/2025 15.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad şəhərində 15 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 98000 (doxsan səkkiz min) manat borcun və 384 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – “borc verən” adlandırılacaq) və Cavabdeh (bundan sonra cavabdeh – “borc alan” adlandırılacaq) arasında xx.xx.2023-cü il tarixdə notial qaydada borc müqaviləsi bağlanmış, iddiaçı 98000 (doxsan səkkiz min) manat pulu cavabdehə vermişdir. Həmin borc pulu borc alan xx.xx.2024-cü il tarixə kimi borc verənə tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirəcəkdir. Keçən müddət ərzində cavabdeh borcunu ödəməmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının adından cavabdehə rəsmi qaydada poçt vasitəsi ilə bildiriş, notariusa isə ərizə göndərilmişdir. Lakin bu günə kimi iş üzrə cavabdeh notariusun depozit heabına heç bir köçürmə etməmişdir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 98000.00 (doxsan səkkiz min) manat əsas borc pul tutulmalıdır. Əlavə olaraq dövlət rüsumu kimi ödənilmiş 384 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 05 sentyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə 14 oktyabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasında üzürlü səbəbdən iştirak edə bilmədiklərini, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan notarial qaydada təsdiq edilmiş 19 dekabr 2023-cü il tarixli, 3M- 343 reyestr nömrəli “Borc müqaviləsindən” görünür ki, borc verən-İddiaçı borc alan- Cavabdeh 98000 (doxsan səkkiz min) manat məbləğində pul borc verir. Borc alan borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. Borc alan borc müqaviləsi üzrə öhdəliyinin icrasının tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsi ilə həyata keçirir. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə olmadıqda isə məhkəmə qaydasında həll olunur. İşdə olan 10 iyul 2025-ci il tarixli bildirişdən görünür ki, borclu-iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 98000.00 (doxsan səkkiz min) manat borcun ödənilməsi tələb edilmiş, əks halda əsas borc, ona hesablanmış illik 5 faiz olmaqla əlavə pul və digər xərclərin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Cəlilabad rayon 1 saylı notariat ofisi tərəfindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ünvanlanmış 28 iyul 2025-ci il tarixli məktubdan görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında Cəlilabad rayon 1 saylı notariat ofisinin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli 3M-343 reyestr nömrəli borc müqaviləsi rəsmiləşdirilmişdir. Borc alan Cavabdeh notariusun depozit hesabı vasitəsi ilə borc verənə ödəniş etməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 384 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə notial qaydada borc müqaviləsi bağlanaraq, iddiaçı tərəfindən cavabdehə 98000 (doxsan səkkiz min) manat borc pul verilmişdir. Həmin borc müqaviləsinə əsasən borc alan aldığı borcu xx.xx.2024-cü il tarixədək borc verənə qaytarmağı və müqavilə üzrə öhdəliyin icrasını tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsi ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə rəsmi qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, cavabdeh yenə də müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə qeyd edilən hal üzrə dəyərləndirmə apararaq qeyd edir ki, cavabdeh tərəfindən iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında yaranmış öhdəliyini lazımınca icra etmədiyinə görə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etməsində haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 98000 (doxsan səkkiz min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 384 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 98000 (doxsan səkkiz min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 384 manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №e-2(073)-2429/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2429/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver