Məhkəmə qərarları › İş №e-2(073)-2444/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2444/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2444/2024 08.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi barədə iddia verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1345.57 manat əsas borc, 7.79 manat faiz borcu, 60.77 cərimə, cəmi 1414.13 (bir min dörd yüz on dörd manat on üç qəpik) manat borcun və 34.15 (otuz dörd manat on beş qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-in hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, borclu Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 0333CASA191710001 saylı Güzəştli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən 60 ay müddətinə illik 1 faiz olmaqla 9103.16 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh3 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, 033FİZAM43979601 saylı zaminlik müqaviləsi bağlanmış, Cavabdeh1 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli, 033FİZAM19635605 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kreditor qarşısında borclunun öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdehlər yaranmış borcun ödənilməsini təmin etməmişdirlər. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, 0333CASA191710001 saylı Güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1 faiz olmaqla 9103.16 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 033FİZAM43979601 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0333CASA191710001 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, 033FİZAM19635605 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0333CASA191710001 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan pretenziya məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehlərdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 033CASA191710001 saylı kredit müqaviləsi üzrə iddiaçı banka 1345.57 manat əsas borc, 7.79 manat faiz borcu, 60.77 manat cərimə, cəmi 1414.13 (bir min dörd yüz on dörd manat on üç qəpik) manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 34.15 (otuz dörd manat on beş qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1555.65 manat əsas borc, 7.79 manat faiz borcu, 60.77 cərimə, cəmi 1414.13 (bir min dörd yüz on dörd manat on üç qəpik) manat borc və 34.15 (otuz dörd manat on beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar