Məhkəmə qərarları › İş №e-2(073)-2643/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2643/2024

18.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2643/2024 18.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi barədə iddia verərək cavabdehlərdən 1255 manat əsas borc, 210.14 manat faiz borcu, 58.79 manat cərimə, ümumilikdə 1523.93 (bir min beş yüz iyirmi üç manat doxsan üç qəpik) manat borcun və 35.24 (otuz beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL0011151-2023 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən iddiaçı Cəmiyyət tərəfindən cavabdehə 14 ay müddətinə illik 44 faiz olmaqla 1255 (bir min iki yüz əlli beş) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı olaraq Cavabdeh2 ilə bank arasında xx.xx.2023-cü il tarixli, ZM1-CL0011151-2023 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kreditor qarşısında borclunun öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı Cəmiyyətə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə yaranmış borcunu ödəməmişlər. Buna görə də iddiaçı Cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, CL0011151-2023 saylı çərçivə kredit və girov müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli 1 saylı Əlavədən görünür ki, iddiaçı Cəmiyyət tərəfindən Cavabdeh1 oğluna 14 ay müddətinə illik 44 faiz olmaqla 1255 (bir min iki yüz əlli beş) manat məbləğində kredit verilmişdir, kreditin qaytarılması öhdəliyinin təminatı kimi 2 saylı Əlavədə göstərilən qızıl-zinət əşyaları girov qoyulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, ZM1-CL0018943-2024 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli və girovqoyan (Cavabdeh1) tərəfindən də imzalanmış “Girovun ilkin qiymətləndirilməsinə dair Akt”dan görünür ki, müqavilənin təminatı kimi qoyulmuş qızıl-zinət əşyası – boyunbağı 1195.6 manat dəyərində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə iddiaçıya 1255 manat əsas borc, 210.14 manat faiz borcu, 58.79 manat cərimə olmaqla cəmi 1523.93 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cəmiyyət tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsi üçün 35.24 (otuz beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL0011151-2023 saylı çərçivə kredit və girov müqaviləsi və həmin müqavilənin xx.xx.2024-cü il tarixli əlavəsinə əsasən iddiaçı Cəmiyyət tərəfindən cavabdehə 14 ay müddətinə illik 44 faiz olmaqla 1255 (bir min iki yüz əlli beş) manat məbləğində kredit verilmişdir və müqavilənin təminatı olaraq cavabdeh tərəfindən qızıl-zinət əşyası girov qoyulmuşdur, həmçinin digər Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixli, ZM1-CL0011151-2023 saylı zaminlik müqaviləsi bağlanmış və zamin kreditor qarşısında borclunun öhdəliklərinin icrasını öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı Cəmiyyətə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə yaranmış borcunu ödəməmişlər. Buna görə də iddiaçı Cəmiyyət hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı Cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdehlər zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı cəmiyyətə hazırkı borcu yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə iddianın tutmanın girov qoyulmuş qızıl-zinət əşyasına yönəldilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, hər hansı mübahisə və ya zərurət olmadığından girov qoyulmuş əşyanın açıq hərracda ilkin satış dəyəri iş materiallarında yer alan qiymətləndirmə aktında göstərilən həddə müəyyən edilməlidir. Beləliklə, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1255 manat əsas borc, 210.14 manat faiz borcu, 58.79 manat cərimə olmaqla cəmi 1523.93 (bir min beş yüz iyirmi üç manat doxsan üç qəpik) manat borc və 35.24 (otuz beş manat iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Tutma girov qoyulmuş qızıl-zinət əşyasına (çəkisi 21.35 qr., B kateqoriyalı, 585 əyarlı 1 ədəd boyunbağ) yönəldilsin və girov predmeti açıq hərracda satılaraq tələb edilən borca yönəldilsin, həmin əşyanın ilkin satış qiyməti 1195.6 (bir min bir yüz doxsan beş manat 60 qəpik) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar