Məhkəmə qərarları › İş №e-2(073)-2668/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №e-2(073)-2668/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № e-2(073)-2668/2025 16.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 62600 ABŞ dolları və 5000 manat pul, həmçinin 402 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, 2021-ci ilin Sentyabr ayında cavabdeh, eyni zamanda qonşum Cavabdeh , özünə avtomobil almaq üçün məndən ilk dəfə 11500 manat borc pul almış, bir müddətdən sonra o pulu qaytarmışdır. Daha sonralar da cavabdeh məndən müəyyən məbləğlərdə borc pullar almış, qismən də olsa, borcunu qaytarmış, aramızda olan uzun müddətli münasibətə görə borclarını tam qaytarmadığı halda ona yenidən borc pullar vermişəm. 2022-ci ilin May ayında Cavabdeh Avropadan 21 avtomobil seçdiyini, vəsait olduğu halda gətizdirib həmin avtomobilləri satacağını və mənə olan borclarını qaytaracağını söyləmişdir. Həmin avtomobillərin idxalı üçün cavabdeh məndən 70.000 ABŞ dolları məbləğində pul vəsaiti almış, daha sonra həmin pul vəsaiti hesabına ölkəyə 21 ədəd avtomobil idxal etdiyini bildirmişdir. Cavabdeh həmin avtomobilləri idxal etdiyini desə də, avtomobillərdən cəmi 4 ədədini mənə göstərmişdir, qalan avtomobillərin aqibətini soruşduqda isə gah avtomobillərin ölkəyə gəlmədiyini, gah da avtomobilləri Lənkəran şəhərinə göndərdiyini bildimişdir. Daha sonra o, məndən aldığı pulu Bakı şəhərində, tanışına avtomobil almaq üçün verdiyini, lakin həmin şəxsin sonradan özünə qəsd etdiyini bəhanə etmişdir. Bir qədər sonra isə həmin şəxsin özünə qəsd etmədiyini, pulu alıb qaçdığını bildirmişdir. Cavabdehdən pulumu tələb etdikdə pis vəziyyətdə olduğunu, özünü öldürəcəyini söyləmişdir. Nəticədə aldadıldığımı anladım və 2022 ci ilin Sentyabr ayında Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət etdim. Müraciətim əsasında Nərimanov RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatında cavabdeh Ağaməmməd məndən borc pul aldığını etiraf etmiş, amma şikayətimdə qeyd edilən məbləğdən daha az borcu olduğunu demişdir. Hətta cavabdeh məndən aldığı pullarla başqa şəxsə olan təcili borclarını qaytardığını demişdir. Daha sonra istintaq orqanında borc məbləğinin dəqiqləşdirilməsi zamani cavabdehin mənə 62.600 ABŞ dolları və 5000 manat borcu olduğu barədə aramızda razılıq əldə olunmuş və bu barədə protokol imzalanmışdır. Polis əməkdaşlarının yanında qısa müddət ərzində mənə olan borcunu qaytaracağına dair söz verdiyi üçün, mən də borcdan ona müəyyən qədər güzəştə getmiş, 62.600 ABŞ dolları və 5000 manat borcla razılaşmışam. Nərimanov RPİnin İstintaq şöbəsinin müstəntiqi X1 tərəfindən aparılmış araşdırma nəricəsində xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş və cavabdehin əməlində cinayət tərkibi olmalığı üçün yaranmış mübahisənin mülki xarakter daşıdığı qeyd edilmişdir. Hazırki tarixədək cavabdeh mənə olan borcundan heç bir ödəniş etməmiş, pul vəsaitinin qaytarılmasından yayınmaq məqsədilə 2023-cü ilin Yanvar ayında ölkəni tərk edərək Rusiya Federasiyasına getmiş, həmin tarixdən sonra bir daha ölkəyə gəlməmişdir. Məhkəmə iclasına İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş, lakin Elektron Məhkəmə İnformasiya sisteminə vəsatət göndərərək tərəflərin fərdi sahibkar kimi müvafiq vergi orqanında üçota alınmış fiziki şəxs kimi tanındığı, və mübahisənin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyini qeyd etmişdir. Mülki iş sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, mülki işin aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmçinin, məhkəmə iclasının onun iştirakı olmadan baxılıb keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasına Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmişdir, lakin Elektron Məhkəmə İnformasiya sisteminə vəsatət göndərərək işin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır, və işə onun iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirir. Məhkəmə tərəflərin vəsatətini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən də göründüyü kimi Cavabdeh da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN ********** ) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Qeyd edilənlərdən göründüyü kimi hazırki mülki iş üzrə olan tələb məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının fərdi sahibkar olan cavabdehə qarşı pul tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar