Məhkəmə qərarları › İş №e-2(073)-2698/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2698/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2698/2023 27.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 835.16 manat əsas borc, 31.84 manat faiz borcu, 809.07 manat cərimə, ümumilikdə 1676.07 (bir min altı yüz yetmiş altı manat yeddi qəpik) manat borcun və 36.76 (otuz altı manat yetmiş altı qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 020A********** saylı kredit müqaviləsi bağlanmış və cavabdehə illik 1 faiz olmaqla 60 ay müddətinə 885.16 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 ilə iddiaçı bank arasında xx.xx.2019-cu il tarixli 020G**********01 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən yayınmşlar. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqavilədən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 illik 1 faiz olmaqla 60 ay müddətinə 885.16 manat kredit verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı bank hazırkı iddianın verilməsi ilə əlaqədar 36.76 (otuz altı manat yetmiş altı qəpik) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan əsas borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun 809.07 manatdan azaldılaraq 80 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 835.16 manat əsas borc, 31.84 manat faiz borcu, 80 (səksən) manat cərimə, cəmi 947 (doqquz yüz qırx yeddi) manat borc və 36.76 (otuz altı manat yetmiş altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar