Məhkəmə qərarları › İş №e-2(073)-2713/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2713/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2713/2025 18.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1722 manat borc məbləğinin, 172.20 manat həmin borcun ödənilməməsinə görə hesablanmış faizlərin və 39 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin həcminin azaldılması barədə” ərizə təqdim edərək, cavabdehin ona olan borcundan 500 manat ödəniş etdiyi üçün iddia həcminin azaldılaraq 1433 manat pulun (500 manat-172 manat - 39 manat =289 manat, 1722 manat (əsas borc) - 289 manat =1433 manat qalıq) tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə qısa müddət ərzində birlikdə işlədikdən sonra onunla dostluq münasibətləri yaranmışdır, sonradan ünvan 1 ünvanında kirayə yaşamışlar. Cavabdeh tez-tez müxtəlif vaxtlarda ondan borc pul götürüb, qaytarmışdır. Sonralar iddiaçı kart çıxarışlarına nəzər saldıqda məlum olmuşdur ki, Cavabdeh sonuncusu 30 mart 2023-cü ildə olmaqla ayrı-ayrı vaxtlarda onun kartından öz kartına 1100 manat, 200 manat və xırda-xırda digər məbləğlər olmaqla cəmi 1722 manat vəsaiti köçürmüşdür (köçürmə ilə bağlı hesabdan çıxarış iş materiallarına əlavə olunur). Cavabdehin ona məxsus kartdan öz kartına köçürmələr etdiyini aşkar etdikdən sonra tərəfindən polisə müraciət olunmuşdur. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin əməlində cinayət tərkibinin olması müəyyən edilməməsi səbəbindən cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh whatsapp yazışmalarında borcunu ödəyəcəyi vədini versə də öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, cavabdehin iddiaçının kartından köçürdüyü 1722 manat vəsait bu günədək ödənilməmişdir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən borclu öhdəliyini icra etmədikdə gecikdirdiyi məbləğə görə illik 5 faiz ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə o da bu hüququndan istifadə edərək yalnız hazırda qalıq borca faiz ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddianı müdafiə edir, cavabdeh mövcud borcdan illər sonra cəmi 500 manat ödəniş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 15.07.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən müxtəlif vaxtlarda aldığı ümumilikdə 1722 manat borcun və əlavə olaraq borc vəsaitindən istifadə etdiyi 2 il müddətində illik 5 faiz olmaqla, 172.20 manat borcu 3 iş günü ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir; - 24 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı Cavabdeh qarşı 1100 manat məbləğində pul tələbinə dair ərizə və izahatlarında göstərdiyi xüsusat mülki xarakter daşıdığı üçün, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; - Tərəflər arasındakı “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür ki, Cavabdeh iddiaçıya 1000 manat civarında borcunun olmasını qeyd etmişdir; -Ödəniş qəbzindən görünür ki, Cavabdeh mövcud borcundan xx.xx.2025-ci il tarixdə 500 manat ödəniş etmişdir; - Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 39 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halların təhlili göstərir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn mülki-hüquqi öhdəlik münasibətləri mövcuddur. İş materiallarından görünən məzmuna əsasən, iddiaçı cavabdehlə arasında uzunmüddətli və etimada əsaslanan şəxsi münasibətləri nəzərə alaraq ona pul vəsaitini borc kimi vermiş, bununla da tərəflər arasında faktiki borc öhdəliyi yaranmışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıya məxsus bank kartından öz məqsədləri üçün pul vəsaitləri çıxarmış, nəticədə iddiaçının tələbinə əsas verən əlavə borc öhdəlikləri formalaşmışdır. Hazırkı mərhələdə iddiaçı cavabdehin ona ümumilikdə 1433 manat məbləğində borclu olduğunu bildirir və bu tələbin təmin olunmasını məhkəmədən xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiyaya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında olan münasibətlərin şifahi borc müqaviləsinə əsaslanması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş izahatdan, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan, “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan da göründüyü kimi, onlar arasında dostluq münasibətləri olmuş və bu səbəbdən borc müqaviləsi yazılı şəkildə rəsmiləşdirilməmişdir. Tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması işin mübahisələndirilməyən halıdır. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pul tələbi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh borc (kredit) müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşıyır, iş materiallarında isə belə bir sübut mövcud deyildir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. İddianın pul vəsaitlərinin qanunsuz saxlanılmasına və qaytarılmasından boyun qaçırılmasına görə 172,20 manat pulun ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Bundan əlavə hazırki iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 882-ci maddəsi nəzərdə keçirilə bilər. Məcəllənin 882.1 və 882.5-ci maddələrinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iddianın və faktın etirafı ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iddia tələbi üzrə tərəflər arasında yaranmış borc münasibətlərinin mahiyyəti məhkəmə tərəfindən təqdim olunmuş sübutlar əsasında hərtərəfli araşdırılmışdır. İş materiallarına əlavə edilmiş “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılan yazışmaların təhlili göstərir ki, cavabdeh borcun mövcudluğunu açıq şəkildə etiraf etməklə yanaşı, borc məbləğinin təxminən 1000 manat olduğunu da bildirmişdir. Bu yazışmalar tərəflər arasında faktiki olaraq borc öhdəliyinin mövcudluğunu təsdiq edən dolğun və etibarlı sübutlardan biri kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin irəli sürdüyü mövqelər, təqdim edilən sübutların məzmunu və hüquqi qüvvəsi nəzərə alınmaqla, iddianın yalnız sübutlarla təsdiqlənmiş hissəsinin təmin edilməsi mümkündür. Həmin yazışmalarda cavabdehin borc məbləğini təqribən 1000 manat olaraq göstərməsi, onun borclu olduğunu təsdiq etməklə yanaşı, faktiki borcun həcmi barədə də məlumat verir və bu, Mülki Prosessual Məcəllənin sübutetmə yükünə dair tələblərinə uyğun olaraq məhkəmənin qiymətləndirməsinə əsas yaradır. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehin ümumilikdə 1433 manat borcunun olması iddia edilsə də, həmin məbləğin cavabdehə verildiyini təsdiqləyən əlavə, obyektiv və məhkəmədə etibarlı hesab edilə biləcək sübutlar təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar yalnız cavabdehin etiraf etdiyi 1000 manat məbləğində borc öhdəliyini dəstəkləyir və həmin həddən artıq məbləğə dair sübut yetərsiz qalmışdır. Bu səbəbdən məhkəmə mövcud sübutların hüquqi qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlir ki, iddia tələbi yalnız cavabdehin etiraf etdiyi məbləğ çərçivəsində-yəni 1000 manat məbləğində-qismən təmin edilməlidir. İddianın qalan hissəsi isə sübut olunmadığından təmin edilməmiş hesab edilməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1000 manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 39 manatın 30 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 39 manatın 30 (otuz) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar