Məhkəmə qərarları › İş №e-2(073)-2978/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-2978/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-2978/2025 15.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qzının katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 6177.3 manat əsas, 1274.01 manat faiz, 66.86 manat cərimə, cəmi 7518.17 (yeddi min beş yüz on səkkiz manat on yeddi qəpik) manat borcun, 95.19 (doxsan beş manat on doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertaya əsasən Cavabdeh 27.5 faiz olmaqla 6300 manat məbləğində kredit verilmiş və cavabdehin kartına köçürülmüşdür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı Bank tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. İddiaçı Bank tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətini ilə aralarında imzalanmış xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu imzalayaraq təsdiq etmişdir. İşdə olan SMS bildirişlərin çıxarışından görünür ki, iddaçı bank tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixində aylıq ödəniş 195 manat olmaqla və illik 27.5 faiz dərəcə ilə 6300 manat məbləğində kredit cavabdehin kartına köçürülmüşdür. İşdə olan il xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1768nkBRDb/23 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı banka 6177.3 manat əsas, 1274.01 manat faiz, 66.86 manat cərimə, cəmi 7518.17 (yeddi min beş yüz on səkkiz manat on yeddi qəpik) manat borcu vardır. İşdə olan bildirişdən görünür ki, iddiaçı bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 95.19 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla xx.xx.2021-ci il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertaya əsasən iddaçı Bank tərəfindən Cavabdeh illik 27.5 faiz olmaqla 6300 manat məbləğində kredit cavabdehin kartına köçürülmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı Bank tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6177.3 manat əsas, 1274.01 manat faiz, 66.86 manat cərimə, cəmi 7518.17 (yeddi min beş yüz on səkkiz manat on yeddi qəpik) manat borc, 95.19 (doxsan beş manat on doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar