Məhkəmə qərarları › İş №e-2(073)-3148/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3148/2025

05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3148/2025 05.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsində, açıq məhkəmə iclasında, məhkəmə iclas zalında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5750 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 77,50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5827,50 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, 16 mart 2023-cü il tarixində Cavabdeh idarə etdiyi “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cəlilabad şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Mercedes Benz C200" markalı, **-NC-***, "Hyundai Accent" markalı, **-PD-***, “Kia Ceed" markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurmuşdur. X1 yüngül xəsarət almışdır. Qeyd olunan hadisə ilə bağlı tərtib olunan Qərarla “BMW 735" markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində PME********** saylı sığorta şəhadətnaməsi üzrə İAS2305131 saylı Sığorta ödənişi aktına əsasən “Meqa Sığorta" ASC tərəfindən zərərçəkənə 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh yolnəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Buna görə də “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Qeyd olunların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 iyun 2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC ilə sığortalı X3 arasında icbari sığorta müqaviləsi bağlanmışdır və “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan "xxxx"ASC tərəfindən verilmiş lAS230513 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Mercedes Benz C200” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya 905,10 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx"ASC tərəfindən verilmiş lAS230515 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “HYUNDAİ Accent” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya 3656,60 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx"ASC tərəfindən verilmiş lAS230514 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sığortalanmış “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin “KİA Ceed” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya 438,30 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx"ASC tərəfindən verilmiş lAS2305131 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X4 yüngül xəsarət almasına görə sonuncuya 750 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X6” X10 16 mart 2023-cü il tarixli, 150 nömrəli ekspert rəyindən görünür ki, X2 mil-bilək oynağı-said nahiyəsində hematoma və hərəkət məhdudluğu və sol əlin arxa səthində əzilmiş yara aşkar edilib. Xəsarət bərk-küt əşya təsirindən törənib, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən 16 mart 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Mercedes Benz C200” markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ Accent” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı və “KİA Ceed” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş və nəticədə onlara maddi zərər dəymişdir. Təqsirkar şəxs “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. İş materiallarında olan 13 aprel 2023-cü il tarixli, İXP ******* saylı Azərbaycan Respublikası DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, Cavabdeh idarə etdiyi “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 3(073)-378/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 800 manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddiasının əsası kimi istinad etdiyi hal, yəni Cavabdeh tərəfindən idarə olunan iddiaçı "xxxx" ASC-də sığortalanmış “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Mercedes Benz C200” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ Accent” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı və “KİA Ceed” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşması nəticəsində onlara maddi zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapır. “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" ASCdə sığortalandığından, “Mercedes Benz C200” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ Accent” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı və “KİA Ceed” markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobilərə dəymiş maddi zərər və X4 sağlamlığına dəymiş zərər iddiaçı "xxxx" ASC tərəfindən aradan qaldırılmış və ümumilikdə 5750 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh avtomobili idarə etmək hüququ olmadan idarə edərək, yol-nəqliyyat hadisəsi törətməklə digər şəxslərə zərər vurulmasına gətirib çıxaran hərəkətə yol verdiyindən, iddiaçı subroqasiya qaydasında ondan 5750 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Qeyd olunlalara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsi “BMW 735” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edildiyindən və buna görə də ziyan bilavasitə sonuncu tərəfindən vurulduğundan, vurulmuş zərərə görə iddiaçı tərəfindən zərərçəkənlərə ödənilmiş ümumilikdə 5750 manat məbləğində ziyan məbləği subroqasiya qaydasında cavabdehdən alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan 08 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki ərizənin verilməsi ilə əlaqədar 77,50 manat dövlət rüsumu ödəmişdir. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 77,50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 77,50 (yetmiş yeddi manat əlli qəpik) manat dövlət rüsumu əvəzi tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar