Məhkəmə qərarları › İş №e-2(073)-320/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-320/2025

28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-320/2025 28.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 7763,1 manat əsas, 1748,09 manat faiz, 115,14 manat cərimə, cəmi 9626,33 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 116.27 manat pulun tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, xx.xx.2028-ci il tarixədək, illik 28.75% olmaqla istehlak məqsədləri üçün 8670 manat nağd kredit məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə hər ay ödənilməli olan vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə iddiaçı banka 7763,1 manat əsas, 1748,09 manat faiz, 115,14 manat cərimə, cəmi 9626,33 manat borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı bank qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən cavabdeh iddianı etiraf etmişdir, banka borclu olduğunu bildirmişdir. Göstərmişdir ki, kredit götürərkən işləyirdi, sonradan “Hepatit B” xəstəliyi aşkar olunduğuna görə işdən çıxmışdır. 1 il dalbadal vaxtı-vaxtında ödənişləri etmişdir, son 1 ilə yaxın müddət ərzində heç bir ödəniş etməmişdir. Ayda 100 manat ödməyə gücü çatır. Məhkəmə iddia ərizəsini, cavabdehin qeyd olunan izahatını, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli tarixli ərizədən görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində bank xidmətlərinin təqdim edilməsinə dair ümumi ofertanın şərtləri ilə tanış və razı olduğunu təsdiq etmişdir. İşdə olan elektron çıxarışdan görünür ki, Cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən, xx.xx.2028-ci il tarixədək, illik 28.75% olmaqla istehlak məqsədləri üçün 8670 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan arayışdan görünür ki, 11703nkAHMb/22 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı banka 7763,1 manat əsas, 1748,09 manat faiz, 115,14 manat cərimə, cəmi 9626,33 manat borcu vardır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixə 7763.1 manat əsas borc, 1611.47 manat faiz borcu, 94.76 manat cərimə, cəmi 9469.33 (doqquz min dörd yüz altmış doqquz manat otuz üç qəpik) manat borcunun yarandığını, bütün borc məbləğini 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 116.27 manat manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2028-ci il tarixədək qaytarılmaq və illik 28.75% dərəcəsi şərtləri ilə istehlak məqsədləri üçün 8670 manat kredit məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə hər ay ödənilməli olan vəsaiti iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Buna səbəb cavabdehin əvvəl işlədiyi yerdən çıxarılması, hazırda işsiz olması olmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə iddiaçı banka hazırkı borcu yaranmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri müqavilə üzrə yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə iddianın faiz və cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissələrdə qismən əsaslıdır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixə 7763.1 manat əsas borc, 1611.47 manat faiz borcu, 94.76 manat cərimə, cəmi 9469.33 manat borcunun yarandığını, bütün borc məbləğini 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə bildiriş ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilməlidir. Bununla da müqavilənin ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin icrasının tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə, yəni, müvafiq bildirişdə göstərilən həddə icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 114.69 (bir yüz on dörd manat altmış doqquz qəpik) manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106, 213, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7763.1 manat əsas borc, 1611.47 manat faiz borcu, 94.76 manat cərimə, cəmi 9469.33 (doqquz min dörd yüz altmış doqquz manat otuz üç qəpik) manat borc, 114.69 (bir yüz on dörd manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar