Məhkəmə qərarları › İş №e-2(073)-3200/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3200/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3200/2024 10.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı 1990 manat məbləğində vurulmuş zərər və 43.01 manat dövlət rüsumunun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Atasiğorta” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia verərək, Cavabdeh 1990 manat borcun və 43.01 manat dövlət rüsumunun tutularaq iddiaçı «Atasiğorta” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, «Atasiğorta” ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli PAA ********** nömrəli siğorta müüqaviləsi bağlanmışdır. «Atasiğorta” ASC tərəfindən ** BG *** dövlət qeydiyyat nişanlı “VAZ 21011” markalı avtonəqliyyat vasitəsi sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə Cəlilabad rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “VAZ 21001” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyatla, ** BR *** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı və ** BT *** dövlət qeydiyyat nişanlı “VAZ 21154” markalı avtonəqliyyatlar ilə toqquşmuş onlara zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan siğorta hadisəsi ilə bağlı «Atasiğorta” ASC 1990 manat məbləğində siğorta ödənişi həyata keçirilmişdir. Cəlilabad RPŞ DYPB-nin «Atasiğorta” ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyət yaranmışdır. Qeyd olunan arayışda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxtda ** BG *** dövlət qeydiyyat nişanlı “VAZ 21011” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olmuşdur. İddiaçı «Atasiğorta” ASC avtonəqliyyat vasitələrinə dəymiş zərərə görə ödənilməli olan 1990 manat məbləğində pulun Cəmiyyətin hesabına ödanilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli Cəlilabad rayon Məhkəməsinin qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmiş və 15 gün inzibati qaydada həbs edilmişdir. İşdə olan 24 dekabr 2020-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktından görünür ki, Cavabdeh hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. İşdə olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:17 radələrində Cəlilabad şəhəri, H.Əliyev pr-tində yol nəqliyyat hadisəsi baş vermişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, İXP-3694404 saylı İnzibati Xətalarla bağlı Tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** BG *** dövlət qeydiyyat nişanlı “VAZ 21011” markalı avtonəqliyyat vasitəsinə 1220 (bir min iki yüz iyirmi) manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli Siğorta Aktından görünür ki, avtonəqliyyat hadisəni törədilməsi nəticəsində ** BR *** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinə 770 (yeddi yüz yetmiş) manat zərər sığorta ödənişi ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Bank tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan ********* nömrəli Hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün 43.01 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 43.01 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1990 (bir min doqquz yüz doxsan) manat borcun və 43.01 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar