Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3295/2025 17.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10000 manat əsas, 1449,2 manat faiz, 25 manat cərimə, cəmi 11474,20 manat borcun, 0.40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 124.43 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixində müvafiq Ərizə-Anket və İmza nümunəsi formasını imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.leobank.az) yerləşdirilmiş xx.xx.2023-cü il tarixli “Fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər”lə, barəsində məlumatların Asan-Finans portalından və Kredit Bürosundan əldə olunması və ötürülməsi ərizələri ilə mobil əlavədə tanış olduğunu, elektron formada anaoloq imza ilə və razılaşdığını təsdiq (aksept) etmişdir. X2 Bankın “Leobank” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Ümumi Ofertanın 1.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdeh üçün xx.xx.2024-cü il tarixində xx.xx.2027-ci il tarixədək illik 27.6 (aylıq 2.3)% olmaqla 10000 AZN kredit xətti açılmış, məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür (Kredit Dövlət rüsumunun ödənilməsi haqqında məlumat xətti № AGPE**********5). Kredit xətti limitinin artırılması ilə bağlı sazişin Müştəri tərəfindən təsdiq edilməsindən sonra kredit xəttinin limiti Bank tərəfindən artırılır. Müştəri, öhdəliyin gecikdirilmiş hesab edilməməsi üçün güzəşt müddətinin sonunadək X2lə müəyyən olunmuş minimal ödənişi həyata keçirməlidir. Minimal ödəniş kredit xəttindən istifadə edilmiş məbləğin minimum 5%-i həcmində (10 manatdan az olmayaraq) müəyyən olunur və bu məbləğ kredit üzrə öhdəliyin ümumi məbləğindən (hesablanmış faizlərlə birlikdə ümumi borcdan) artıq ola bilməz. Müştəri, güzəşt müddətinin sonunadək mövcud öhdəliyi üzrə minimal ödənişi icra etməzsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə dəbbə pulunun hesablanması başlanılır. Dəbbə pulunun məbləği kredit üzrə müəyyən edilmiş illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanır. İlk minimal ödəniş məbləği güzəşt müddəti ərzində kredit xəttindən istifadə olunan aydan sonrakı ayın ilk günü formalaşır və bu məbləğ həmin ayın son günündə saat 23:55-dək Müştəri tərəfindən ödənilməlidir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə borc alana kredit xətti ayırır və ssuda hesabı açır, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, iddia ərizəsinə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh tərəfindən 25 yanvar 2024-cü il tarixdə imzalanmış ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh bu ərizə-anket və imza nümunəsini imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş 01 oktyabr 2023-cü il tarixli “Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər” ilə tanış olmuş və onun bütün müddəaları ilə razı olduğunu təsdiqləmişdir; - Cavabdeh istifadəsində olan mobil nömrəyə göndərilmiş “SMS bildiriş”dən görünür ki, Cavabdeh kredit limiti 10.000 manata qədər artırılmışdır; - Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün 10.000 manat əsas, 1.449,2 manat faiz, 25 manat cərimə olmaqla 11.474,2 manat borcunun olması və 5 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir; - 23 oktyabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh əsas borcu 10.000 manat, faiz borcu 1.449,2 manat, cərimə borcu 25 manat olmaqla, cəmi borcu 11.474,2 manat təşkil edir; - ödəniş qəbzindən görünür ki, bank tərəfindən 124,43 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" KB ASC–nin xx.xx.2023–cü il tarixli “Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər” əsasında bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2024–cü il tarixdə illik 27,6 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2024–cü il tarixdə ərizə–anket imzalamaqla "xxxx" KB ASC–nin rəsmi səhifəsində yerləşdirilmiş xx.xx.2023–cü il tarixli “Fiziki şəxslərə kreditin verilməsinə dair Standart Şərtlər” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Lakin borclu müqavilənin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 10.000 manat əsas borcu və 1.449,2 manat faiz borcu yaranmışdır. Öhdəliyini lazımi qaydada icra etmədiyindən cavabdehə 25 manat cərimə borcu hesablanmışdır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 10.000 manat, faiz borcuna görə 1.449,2 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və kredit müqaviləsi üzrə cərimənin məbləği əsas borca mütənasib olduğundan, 25 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 10.000 manat, faiz borcuna görə 1.449,2 manat, cərimə borcuna görə 25 manat olmaqla, cəmi 11.474,2 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 124,83 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.000 manat, faiz borcuna görə 1.449,2 manat, cərimə borcuna görə 25 manat olmaqla, cəmi 11.474,2 (on bir min dörd yüz yetmiş dörd manat, iyirmi qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 124,83 (bir yüz iyirmi dörd manat, səksən üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №e-2(073)-3295/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3295/2025
17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver