Məhkəmə qərarları › İş №e-2(073)-3416/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-3416/2025

05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-3416/2025 05.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızı, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 470,33 (dörd yüz yetmiş manat 33 qəpik) manat əsas kredit borcu, 9,90 (doqquz manat 90 qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-2023-2024-2025-ci illər üçün 175 (bir yüz yetmiş beş) manat, cəmi 686,23 (altı yüz səksən altı manat 23 qəpik) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 dekabr 2019-cu il tarixli 37/1219-048 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 470,33 (dörd yüz yetmiş manat 33 qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə olan hesablamalara görə iddiaçıya 470,33 (dörd yüz yetmiş manat 33 qəpik) manat əsas kredit borcu, 9,90 (doqquz manat 90 qəpik) manat faiz borcu, 31 (otuz bir) manat penya borcu, cəmi 511,23 (beş yüz on bir manat 23 qəpik) manat borcu təşkil edir. Cavabdeh dəfələrlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-a olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Cavabdeh xx.xx.2019-ci il tarixdən başlayaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Cavabdeh vaxtında ödəniş etsəydi, iddiaçı həmin məbləği yenə də kreditə verib fayda əldə edərdi. Qeyd edirəm ki, iddiaçı müştərilərlə müqaviləni illik 38% faiz hesablanmaqla bağlayır. Bundan əlavə iddiaçı öz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının büdcəsinə gəlirindən 20% mənfəət vergisi ödəyir. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7%(yeddi faiz) müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8%(səkkiz faiz) müəyyən etmişdir. 2023-ci ilmay ayı üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 9%(doqquz faiz) müəyyən etnişdir. 2024-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7%(yeddi faiz) müəyyən etmişdir. 2025-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7%(yeddi faiz) müəyyən etmişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 32 manat (470*7%=32 manat), 2022-ci il üçün 37 manat (470*8%=37 manat), 2023-ci il üçün 42 manat (470*9%=42 manat), 2024-ci il üçün 32 manat (470*7%=32 manat), 2025-ci il üçün 32 manat (470*7%=32 manat), cəmi 175 (bir yüz yetmiş beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 dekabr 2019-cu il tarixli 37/1219-048 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 470,33 (dörd yüz yetmiş manat 33 qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, iddiaçı cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə çəkilən xərclərlər də əlavə olunmaqla məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh əsas borcu 470,33 (iddia qaldırılan günə vaxtı keçməmiş əsas kredit borcunun məbləği-266,87 manat+iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği-203,46 manat) manat, faiz borcu 9,90 (iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcunun məbləği-0,16 manat + iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği-9,74 manat) manat, peniys bocu 31 manat olmaqla, cəmi borcu 511,23 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Mərkəzi Bankı-Uçot faiz dərəcəsinə aid axtarış səhifəsindən edilmiş çıxarışdan görünür ki, bank uçot dərəcəsi 2025-ci il üçün yeddi faiz təşkil etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı təşkilat tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2019-cu il tarixli 37/1219-048 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən cavabdehin 470,33 manat əsas, 9,90 manat faiz borcu, 31 manat cərimə borcu olmaqla, cəmi 511,23 manat borcu yaranmışdır. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borcu iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 28 dekabr 2019-cu il tarixli 37/1219- 048 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 470,33 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini kredit təşkilatı qarşısında icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixə iddiaçıya 470,33 manat əsas borcu və 90,90 manat faiz borcu, 31 manat cərimə borcu yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə görə iddiaçı tərəfindən cavabdehə qarşı bank uçot dərəcəsi 2021-ci il üçün 32 manat (470*7%=32 manat), 2022-ci il üçün 37 manat (470*8%=37 manat), 2023ci il üçün 42 manat (470*9%=42 manat), 2024-ci il üçün 32 manat (470*7%=32 manat), 2025-ci il üçün 32 manat (470*7%=32 manat), cəmi 175 (bir yüz yetmiş beş) manat faiz məbləği hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Ona görə də Cavabdeh 470,33 manat əsas borc, 9,90 manat faiz, 31 manat cərimə və Azərbaycan Respublikası Mərkəzi Bankının 2021, 2022, 2023, 2024, 2025-ci illər uçot dərəcələri üzrə hesablanmış 175 manat faizi məbləğinin, cəmi 686,23 manat borcun alınmasını tələb edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 28 dekabr 2019-cu il tarixli 37/1219-048 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə 438,32 manat məbləğində borc öhdəliyini kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə icra etmədiyindən iddiaçı tərəf cavabdehə qarşı müqavilədə göstərilən illik 1 faiz dərəcəsindən əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən Mərkəzi Bankın illər üzrə uçot dərəcəsinə uyğun olaraq 2021-ci il üçün yeddi faizlə 32 manat, 2022-ci il üçün səkkiz faizlə 37 manat, 2023-cü il üçün doqquz faizlə 42 manat, 2024-cü il üçün yeddi faizlə 32 manat və 2025-ci il üçün yeddi faizlə 32 manat faiz borcu hesablanmışdır. Məhkəmə bununla bağlı hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu 470,33 manat kredit üçün cavabdehdən 2021, 2022, 2023, 2024, 2025-ci il tarixlərinə bank uçot faiz dərəcəsi tətbiq etməklə yenidən beş il müddətinə cavabdehdən ümumilikdə 175 manat faiz borcu tələb etməsi restrukturizasiya müqaviləsinin mahiyyətinə və şərtlərinə uyğun deyil, yəni iddiaçı digər əsaslardan çıxış edərək müqavilədə göstərilən bir faiz məbləğindən artıq (əlavə) faiz məbləği tələb etmək hüququna malik deyildir. Buna baxmayaraq iddiaçı tələbində cavabdehə qarşı müqavilə müddətinin bitdiyi tarixindən sonra yəni, 28 dekabr 2024-cü ildən 28 dekabr 2025-ci ilədək olan cəmi bir il müddətində bank uçot faiz dərəcəsi hesablaya bilərdi ki, həmin məbləğ 32 manat təşkil edir. Belə ki, 2024 və 2025-ci illər üçün Mərkəzi Bankın uçot dərəcəsi hər iki il üçün 7 faiz olmaqla 32 manat (470 x 7%=32) təşkil edir. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 470,33 manat əsas borc, 9,90 manat faiz borcu, 31 manat cərimə borcu və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024 və 2025-ci il uçot dərəcələri üzrə hesablanmış 32 manat olmaqla, cəmi 543,23 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 25 manatı tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 470,33 manat əsas borc, 9,90 manat faiz borcu, 31 manat cərimə borcu və Azərbaycan Respublikası Mərkəzi Bankının 2024 və 2025-ci il uçot dərəcələri üzrə hesablanmış 32 manat olmaqla, cəmi 543,23 (beş yüz qırx üç manat, iyirmi üç qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 25 (iyirmi beş) manatı tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar