Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-635/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı 24500 manat sığorta ödənişi məbləğinin və 163,50 manat dövlət rüsumunun, cəmi 24663,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad şəhərində Cəlilabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24500 (iyirmi dörd min beş yüz) manat sığorta ödənişi məbləğinin və 163,50 (yüz altmış üç manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 24663,50 (iyirmi dörd min altı yüz altmış üç manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiklərini, yolun uzaqlığı ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiklərini göstərmiş və işə onların iştirakları olmadan baxılıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X22 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “BMW” markalı 90XY056 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “BMW” markalı 90XY056 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X11, X26 və X14 vəfat etmiş, X23 ağır, X12 və X10 az ağır bədən xəsarətləri almış, “Mercedes Benz” markalı 99JZ104 dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı 15BZ581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 24500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “BMW” markalı 90XY056 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli, AS24/1551 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği hazıradək iddiaçıya ödənilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, 24500 manat sığorta ödənişi məbləğinin və 163,50 manat dövlət rüsumu olmaqla, cəmi 24663,50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 11 avqust 2022-ci il tarixli, 22-03194/07/AA-1865/22 saylı Sığorta aktının surətindən görünür ki, “VAZ 21074” markalı, 15BZ581 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalanmışdır. İşdə olan 19 sentyabr 2022-ci il tarixli, 22-0378509/AA-1865/22 saylı Sığorta aktının surətindən görünür ki, “BMW 540” markalı, 90XY056 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalanmışdır. İşdə olan Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat forması haqqında 16 noyabr 2024-cü il tarixli çıxarışdan görünür ki, “BMW 540” markalı, 90XY056 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalanmış və "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişi X16 ödənilmişdir. İşdə olan 11 avqust 2022-ci il tarixli, 22-03194/07/AA-1865/22 saylı Sığorta aktının surətindən görünür ki, “Ford Transit” markalı, 99HE043 dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər sığortalanmışdır. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 1(099)- 316/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə maddi sübut kimi tanınaraq X32” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobil və “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə verilməsi nəzərə alınması hökm edilmişdir. Qeyd olunan cinayət işi üzrə ittihamda təqsirləndirilən şəxs Cavabdeh 05 fevral 2022-ci ildə saat 12:20 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, “BMW 540” minik markalı ** XY *** dövlət qeydiyyat nişanlı avtomobillə, ƏlətAstara–İran sərhədi yolunun Cəlilabad rayonu ərazisindən keçən 148-ci km\də Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 70 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun sağ ehtiyat hissəsinə çıxmış, həmin anda idarəetməni itirdiyindən idarə etdiyi avtomobil yolun sol hissəsinə doğru istiqamətlənməklə əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayonu istiqamətində sağ zolaqla hərəkətdə olan vət. X3 idarə etdiyi “Vaz 21074” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin təsirindən “BMW 540” minik markalı avtomaşının qabaq sol hissəsi arxadan Astara rayonu istiqamətində hərəkətdə olan vət. X7 idarə etdiyi “X32” yük markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomaşının sol yan hissəsinə çırpılmış, nəticədə ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “Vaz 21074” minik markalı avtomaşının sürücüsü X3, həmçinin həmin avtomobildə olan sərnişinlər X26 və X8 ölümü ilə nəticələnən, eyni zamanda sərnişinlər X23 və X1 həyat üçün təhlükəli olan ağır, X4 isə sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, “VAZ 21074” markalı, 15BZ581 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərc ümumilikdə 5300 manat təşkil edir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, “Mercedes Benz” markalı, 99JZ104 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilmiş xərc ümumilikdə 1440 manat təşkil edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 103OPX1221820B7D saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1500 manat sığorta ödənişi X17 ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 103OPX1221820B80 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1500 manat sığorta ödənişi X9 ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, **********/43641171 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 1500 manat sığorta ödənişi X5 ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 005343 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 22-02834/06/AA-1865/22 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödənişi X6 ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 005344 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 22-02833/06/AA-1865/22 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödənişi X13 ödənilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, 005345 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 22-02837/06/AA-1865/22/1 saylı sığorta aktına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödənişi X15 ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə X22 arasında xx.xx.2021-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “BMW” markalı 90XY056 dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə “BMW” markalı 90XY056 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X11, X26 və X14 vəfat etmiş, X23 ağır, X12 və X10 az ağır bədən xəsarətləri almış, “Mercedes Benz” markalı 99JZ104 dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı 15BZ581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 24500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “BMW” markalı 90XY056 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İddiaçı cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixli, AS24/1551 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də qeyd olunan sığorta ödənişi məbləği hazıradək iddiaçıya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı reqres qaydasında 24500 manat pul tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bğalı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, Cavabdeh 24500 manat məbləğində verilmiş sığorta ödənişinin əvəzi alınaraq "xxxx" ASCyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı hazırkı iddia ərizəsinin verilməsi ilə əlaqədar 163,50 manat dövlət rüsumu ödəmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 163,50 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh 24500 (iyirmi dörd min beş yüz) manat sığorta ödənişi məbləğinin və 163,50 (yüz altmış üç manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 24663,50 (iyirmi dörd min altı yüz altmış üç manat əlli qəpik) manat alınaraq "xxxx" Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №e-2(073)-635/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-635/2025
19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver