Məhkəmə qərarları › İş №e-2(073)-725/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(073)-725/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № e-2(073)-725/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı X1 Bank Kredit Təşkilatının Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Bank Kredit Təşkilatı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4529 manat əsas borcun, 1520 manat faiz borcunun, 234 manat cərimənin, cəmi 6283 manat borcun və 72.86 manat dövlət rüsumunun alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı X1 Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, **********0379 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 30 ay müddətinə illik 27 faiz olmaqla 5000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlə iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh hər ay 234 manat ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq iddiaçı təşkilata olan borcu ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan İddiaçı X1 Bank Kredit Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********0379 saylı kredit müqaviləsindən, müqavilənin əlavəsi olan ödəniş cədvəlindən və həmin gün tarixli “Kredit kartının mədaxil aktı”ndan görünür ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh 30 ay müddətinə qaytarılmaq və illik 27 faiz dərəcəsi şərtləri ilə 5000 manat kredit verilmişdir. Kredit məbləği nağd qaydada deyil, kredit kartına köçürülməklə cavabdehə təqdim edilmişdir. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı təşkilata 4529 manat əsas borc, 1520 manat faiz borcu, 234 manat cərimə, cəmi 6283 manat borcu vardır. İşdə olan ödəniş qəbzindən görünür ki, hazırkı iddianın verilməsi ilə əlaqədar iddiaçı təşkilat tərəfindən 72.86 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin 07 aprel 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı etiraf etmişdir, həqiqətən də iddia ərizəsində göstərilən məbləğdə iddiaçıya borclu olduğunu bildirmişdir. İzahatında göstərmişdir ki, krediti götürdükdən sonra 6 ay ödənişləri etmişdir, sonradan işdən çıxdığına görə ödəniş qabiliyyəti olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, **********0379 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 30 ay müddətinə qaytarılmaq şərtilə illik 27 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə cavabdehlə iddiaçı təşkilat arasında razılaşdırılmış ödəniş cədvəli tərtib olunmuş və cavabdeh hər ay 234 manat ödəməklə aldığı krediti və ona hesablanmış faizləri iddiaçı təşkilata qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı təşkilata hazırkı borcu yaranmışdır. Cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq iddiaçı təşkilata olan borcu ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı təşkilat hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri müqavilədən yaranmış öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı təşkilata hazırki borc yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 72.86 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4529 manat əsas borc, 1520 manat faiz borcu, 234 manat cərimə, cəmi 6283 (altı min iki yüz səksən üç) manat borc və 72.86 (yetmiş iki manat 86 qəpik) manat dövlət rüsumu alınıb İddiaçı X1 Bank Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar